Bakı şəhərində yağış kanalizasiya sistemini təkmilləşdirən işçi qrupa rəhbər Ramiz Mehdiyev təyin edilib.

Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.images-6

APA-nın məlumatına görə, işçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.
Baş nazirin müavini Abid Şərifov, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, fövqəladə hallar naziri Kamaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov işçi qrupunun üzvləri təyin olunublar.

İşçi qrupuna Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etmək və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində prezidentə təqdim etmək, habelə Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində prezidentə təqdim etmək tapşırılıb.

Eyni zamanda, işçi qrupu Bakı şəhər və Bakı şəhəri rayonlarının icra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində prezidentə təqdim etməlidir.

Sərəncamı Meydan TV-yə şərh edən sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli bildirib ki, Nazirlər Kabineti optimallaşmayana qədər – necə ki, Gürcüstan da daxil olmaqla Qərbi və Şərqi Avropa ölkələrində bu belədir -, hər bir qurum öz işlərinə cavabdehlik daşımayacaq effektiv idarəetmə olmayacaq:

Nazim Bəydəmirli foto Meydan TV
.
“Təcrübə onu göstərir ki, ictimai əsaslarla yaradılan işçi qrupları, komissiyalar, qurumlar bu işi görməli olan dövlət qurumlarının həm öz vəzifələrini icra etməyə, həm psixoloji baxımdan mənfi təsir göstərir, həm də o qurumun rəhbərliyini məsuliyyətdən yayındırır. Çünki sabah o işçi qrupunda olan nazirlərin, təşkilat rəhbərlərinin operativ toplanmasının nə qədər çətin olması ortaya çıxacaq, hamı bilir ki, o adamların özlərinin də rəhbərlik etdikləri qurumlarında işləri çoxdur və vaxt azdır”.

İqtisadçı hesab edir ki, Azərbaycanda daha çox kadr islahatlarına ehtiyac var, nəinki müxtəlif işçi qrupu və ya komissiyalar yaratmağa:

“Həmin komissiyaların tərkibinə və rəhbərliyinə baxdıqda on illərlə eyni vəzifə daşıyan insanları görürük. Onlar da 10 il, 20 il, bəziləri də daha da çox vaxtdan bəri vərdiş etdikləri metodlarla iqtisadiyyatı idarə etmək istəyirlər. Maliyyə bazarlarında baş verən hadisələr onu göstərir ki, yeni yaradılan, paralel qurumlar nəinki vəziyyəti yaxşılaşdırır, bir çox hallarda hətta daha da pis edir”.