Bəxtiyar Hacıyevə qarşı dövlət orqanlarının təxribatları davam edir

Müstəsna bir həyasızlıq və təxribatla üz-üzə qalmışam. Təbii ki, hüquq-mühafizə orqanlarının, məhkəmənin himayəsi və dirijorluğu altında.

4 ay əvvəldən başlayaraq bir nəfər mənə qarşı hədə-qorxu ilə tələbetmə cinayətini törədib, mənim, ailəmin barəsində böhtan, təhqir dolu postlar paylaşırdı. Valideynlərimə zəng edərək onların səslərini icazəsiz yazaraq sosial şəbəkələrdə paylaşmışdı. Bununla bağlı həm məhkəməyə, həm də DİN-ə müraciət etmişdim.

DİN 10 günlük araşdırmanı 50 gün uzadaraq, sonda “qarşı tərəfin izahatını ala bilmirik” deyərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarmışdı. Bakı şəhər Prokurorluğu bu qərarı ləğv edərək təkrar araşdırmaya göndərdi.

Məhkəməyə müraciətim də dəfələrlə əsassız olaraq geri qaytarılıb. (Şikayətdə imzalandığı yer göstərilməməsi bəhanəsi ilə – mən də yeri koordinatlarına qədər yazaraq təkrar müraciət etmişəm). Nəhayət, sentyabr ayında hazırlıq iclası oldu. Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədov əsassız olaraq 4 dəfə (hər dəfə 1 həftə sonraya) hazırlıq iclasını həm keçirirdi, həm də təxirə salırdı.

Bu gün məhkəmədə özünü küçə adamı kimi aparan qarşı tərəf də iştirak edirdi. Dəfələrlə çıxışımı təhqirlə, söyüşlə kəssə də, dəfələrlə hakimdən bunun qarşısını almağı tələb etsəm də, təxribatlarına davam edirdi. Hakim müşavirə üçün otağa keçəndə qarşı tərəfin təxribat edəcəyini təxmin edərək məhkəmə katibinə yaxınlaşdım və bayırda gözləmək istədiyimi dedim, hakim qayıdanda məni çağırmağını xahiş etdim. Zaldan çıxmağa hazırlaşanda dişi cinsdən olan qarşı tərəf mənim ünvanıma çox nalayiq söyüş söydü. Mən geri qayıdıb, onun üstünə gedərək, əlimdəki sənədləri ona tərəf qaldıraraq tərbiyəli olmağını tələb etdim və zalı tərk etmək üçün qapıya tərəf addımladım.

Bu zaman ard-arda müxtəlif əşyaları, o cümlədən masadakı şüşə stəkanı arxamca zərbə ilə atdı, stəkan qapıya dəyərək sındı.

Bu, məhkəmə iclas zalında xuliqanlıq, cinayətə təhrikdir. Mən zalı tərk etdim, fasilədən sonra hakim bildirdi ki, dəftərxana ilə əlaqə saxlayıb(niyə, hansı marağa görə?), mənim barəmdə də şikayət olduğunu öyrənib (nədənsə) və iki işi birləşdirmək üçün(başqa hakimin icraatına 1 gün əvvəl verilmiş) bir daha məhkəmənin hazırlıq iclasını (5-ci dəfə) təxirə salır.

Mən ondan baş vermiş xuliqanlıq hadisəsi barədə akt tərtib etməyi, videogörüntüləri verməyi tələb etsəm də, o iş saatının bitdiyini bəhanə edərək bunu 1-ci günə saxlayacağını bildirdi.

Məhkəmə zalında olan icraçı akt tərtib edəcəyini bildirmişdi. Bir müddət aktın tərtib edilməsini gözlədim. Lakin sonradan hakim ona zəng edərək bunu 1-ci günə saxlamağı xahiş edib. (Niyə?)

DİN-102 xidmətinə zəng etdim, şikayət etdim və qarşı tərəfin xuliqanlığı barədə məlumat verdim, 28-ci bölməyə ərizə ilə müraciət etdim.

Nədənsə, iş saatının bitdiyini və görüntülərin verilə bilməyəcəyini bildirən hakimin zalından hadisənin bir hissəsinin(mənim kağız sənədi qaldırıb masaya vurduğum) videosu sızdırılıb, yayılıb. Amma mənə şüşə atılması, məhkəmə zamanı səslənən söyüşlər, məni təxribata cəlb etmə cəhdləri olan rakurs və video dəfələrlə istəsəm də mənə verilmir.

Bütün bu təxribatın, xuliqanlığın arxasında hüquq-mühafizə orqanlarının, məhkəmələrin iradəsi dayanır. 4 ay ərzində əgər 4 cinayət (böhtan, təhqir, hədə-qorxu ilə tələbetmə, şəxsin razılığı olmadan səsinin yazılması və yayılması) ilə bağlı cinayət işi açılmırsa, bu gün baş vermiş xuliqanlıqla bağlı tədbir görülmürsə, məndə zərrə qədər şübhə qalmır ki, bunun arxasında məni təxribata çəkərək kiməsə xəsarət yetirməyim niyyəti dayanır. Əksini sübut etmədikləri müddətcə düşünə bilərəm ki, bunu həmin şəxsin sıx əlaqəsi olduğunu göstərdiyi DTX-dakı idarə rəisi (V.H) idarə edir.

Başda Vilayət Eyvazov və Bakı Şəhər Baş Polis İdarəsi (4 aydır bir araşdırmada bir izahatı ala bilməyən, qarşı tərəfin qadın olmasını əsas gətirərək) və Yasamal Rayon Məhkəməsi, hakim Murad Məmmədov (açıq təhqirlər və böhtanlar olan işdə 5 hazırlıq iclası keçirməklə) prosesi maksimum uzadırlar ki, mən müstəsna həyasızlıq qarşısında tab gətirməyərək kiməsə xəsarət yetirim, cinayət törədim.

Buradan DİN rəhbərliyinə və Yasamal Rayon Məhkəməsinə müraciət edirəm. Açıq cinayətlərin olduğu işi araşdırmağı uzatmaqla mənə qarşı törədilə biləcək cinayətlərdən siz məsuliyyət daşıyacaqsınız. Vətəndaş kimi müraciət etmişəm, tədbir görün.

Azadlıq.info