“Azəryol”un başına daşı baş direktor salıb?

azeryol

“Azəryol”un başına daşı baş direktor salıb?

Qadınlardan ibarət “Azəryol” voleybol klubu 2016/2017 mövsümündə avrokuboklara qatılmaqdan imtina edib. Ötən il məhdud büdcə, gənc və perspektivli baş məşqçi Ziya Rəcəbovun səyi ilə Avropaya səs salan komanda rəhbərliyin uğursuz siyasəti və yeyintiləri ucbatından iflas həddindədi.

Klubun iflasına səbəb nədi? Əldə etdiyimiz məlumatlara görə, ötən il aşağı büdcəylə uğur qazanan kluba voleyboldankənar adamların idarəetməyə gətirilməsi və onların da kluba gəlir mənbəyi kimi yanaşması iflasa səbəb olub.

Heyətində Azərbaycan yığmasının 7 üzvünün cəmləşdiyi klub indi oyunçu tapa bilmir. Səbəb isə bu il kluba qəpik-quruşun ayrılması və avrokuboklardan imtinadı. Avropa kuboklarında oynamaq istəyən voleybolçular iddiasız “Azəryol”la müqavilə bağlamaqdan imtina edir. Üstəlik, ötən il klub rəhbərliyinin yarıtmaz siyasəti voleybolçulara dərs olub. Belə ki, hər məğlubiyyətdən sonra ortaya çıxan klubun baş direktoru Yusif Atakişiyev menecerlərdən dərhal oyunçuların cəzalandırılmasını və cərimələrin tətbiqini tələb edirmiş. Amma qalibiyyətlər zamanı adi quru təbrik belə, klub üzvlərinə çox görülürmüş. İtaliya “Novarra”sı üzərində ev qələbəsindən sonra voleybolçulara rəhbərlik tərəfindən mükafat vəd edilib. Ancaq “bu gün, sabah verəcəyik” deyilsə də, rəhbərlik vədinə xilaf çıxıb.

Yanvardan etibarən isə prezident Cəmil Rüstəmxanlının klubla maraqlanmadığı deyilir. Klubdakı mənbədən aldığımız məlumata görə, bütün işləri onun yaxın adamı olan baş direktor Yusif Atakişiyev yerinə yetirib.

Əsl maraqlı məqam da elə burda ortaya çıxır. Kluba öz şəxsi biznesi kimi baxan baş direktor beynəlxalq oyunlar öncəsi komandanın məskunlaşacağı oteli öz tanışları vasitəsiylə taparaq, xeyli “irəli” düşürmüş. Üstəlik, klubun səfərləri zamanı ancaq baş direktora məlum olan şirkətdən biletlərin alınması da şübhəli məqamdı. Mətbuatda “Azəryol” voleybolçularının 15-22 saata Avropaya səfər etməsiylə bağlı da məlumatlar yer alıb. Bütün bunlar baş direktorun maxinasiyasının nəticəsidi.

Legionerləri hər dəfə belə qeyri-adi sürprizləriylə “sevindirən” baş direktor Azərbaycanın nüfuzunu öz cibindən üstün tuturmuş. Nəticə isə göz qabağındadı.

Artıq xeyli vaxtdı maaşları gecikdirən klubdan işçilərə bildirilib ki, “Azəryol” Voleybol Klubu MMC Vergilər Nazirliyinə müraciət edərək, iyun ayından etibarən fəaliyyətini dayandırır. Bununla da, işçilərin əmək hüquqlarını pozan klub əlavə kompensasiyadan qurtulmuş olub.

Bu isə Avropada klublar arasında ən reytinqli ölkələr sırasında olan Azərbaycan voleyboluna zərbədi. Bu il Avropada cəmi iki klubla təmsil olunacağımızdan, Avropa Voleybol Konfederasiyasının növbəti ildən Azərbaycanın reytinqini aşağı salacağı şübhəsizdi. Üstəlik, maliyyə çətinliyinin bəhanə gətirilməsi 2017-ci ildə Azərbaycanda keçiriləcək Avropa çempionatının da taleyini sual altında qoyur.

Yayılan məlumatlara görə, artıq klubun işçiləri Azərbaycan prezidenti İlham Əliyevə, Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə məktub yazıblar. Vəziyyət düzəlməyəcəyi təqdirdə, onların mətbuat konfransı keçirərək, bütün məsələlərə aydınlıq gətirəcəyi də deyilir.

AzToday.az