“Azərbaycanın ən böyük bədbəxtçiliiyi belə bir hakimiyyətə malik olmasıdır!”
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat, YAP Siyasi Şurası və İdarə Heyətinin üzvü Arif Rəhimzadə KM.ru rus xəbər portalına müsahibəsində bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil. Onun fikrincə, “bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər”. “İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir”, – deyə deputat bildirib.
Deputatın bu fikiri sosial şəbəkədə dərhal rezonans doğurub. Bir çox istifadəçilər A.Rəhimzadəni bu sözlərinə görə qınayıb və tənqid edib. YAP-çı deputatın dediklərinə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də sərt cavab verib. G.Hacıbəyli feysbuk səhifəsində yazıb:
Azərbaycanın ən böyük bədbəxtçiliiyi belə bir hakimiyyətə malik olmasıdır!
Ölmədik, bu günü də gördük! Əvvəl siyasi hüquqlarımızı əlimizdən aldılar. Vəzifələrə nadanları, manqurtları, əxlaqsızları, savadsızları, dövlət müstəqillimizin əleyhinə səs verənləri, erməni mənşəliləri, mandat və millət alverçilərini təyin etdilər. Bu dövləti quran, yaradan türklərə düşmən kəsildilər. Sonra çörəyimizdən olduq. Bizi bir tikə çörəyə möhrac qoydular, bu millətin sərvətləri isə ermənidən-rusdan törəyənlərə qismət oldu. İndi isə şərəfimizə, namusumuza, qeyrətimizə təcavüz edirlər.
Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə səs vermiş deputat Arif Rəhimzadə deyib ki, azərbaycanlılar türk deyil və türk kimi tanınmağımız bədbəxtçilikdir. Arif Rəhimzadə özü türk olmaya bilər, rus ola bilər, lap erməni ola bilər. Bu, onun şəxsi işidir! Ancaq onun mənim şərəfimlə oynamaq, mənim ata-baba kökümü təhqir etmək haqqı yoxdur! Bu haqqı ona heç kim verməyib! Bu, artıq qırmızı xətti keçməkdir. Bu, artıq namus, şərəf məsələsidir!
Azərbaycanda yaşayan bütün millətlərin, etnik qrupların nümayəndələri Azərbaycan xalqının ayrılmaz tərkib hissəsidir. Türk də, talış da, ləzgi də, kürd də azərbaycanlıdır, qardaşdır, vətəndaşdır. Ancaq xalq və millət fərqli anlayışlardır. Azərbaycan xalqının böyük əksəriyyətini təşkil edən millət Azərbaycan türkləridir. 37-ci ilin Stalin repressiyaları nəticəsində ən çox zərbə türklərə vuruldu. Türklərin milli kimlik haqqı əlindən alındı, milli mənsubiyyətimizi, tariximizi, genimizi bizə yad olan fars köklərinə bağlamaq cəhdləri edildi. Bu açıqlama da həmin o siyasətin davamıdır. Dövlət müstəqilliyinin əleyhinə səs vermək kimi.
Sonda xəbərdarlıq edirəm: bu, siyasi məsələ deyil. Bu, tamamilə başqa bir məsələdir. Odla oynayırsınız!