Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub.

Bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev onlardan 85 nəfərin hazırda həbsdə olduğunu deyib:

images-cms-image-000036571

“195 nəfər isə vətəndaşlıqdan çıxarılıb” (APA).

DTX rəisi bildirib ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıb, onlara qoşulublar.

General-leytenantın sözlərinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub:

“Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

Ötən həftə məlum oldu ki, Bağdaddakı sığınacaqlardan birində 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaş məskunlaşıb. Onları RT telekanalının əməkdaşları tapıblar və videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar.

Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatlar qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işləyirlər.