Azərbaycandakı repressiyalar BMT-də müzakirə olundu

«Azərbaycanda vəkillər hakimlərin əli ilə siyasi motivlərlə cəzalandırılır»
bmt

BMT-nin Insan Hüquqları Şurasının iyunun 22-də Cenevrədə keçirilən növbəti sessiyasında dünyanın müxtəlif ölkələrində insan hüquqları sahəsindəki problemlər müzakirə olunub. Müzakirələrdə çıxış edən şəxslər ayrı-ayrı ölkələrdə insan haqlarının tapdalanması ilə bağlı narahatlıqlarını dilə gitirərək, Şuranın belə problemlərə diqqət yetirməsinin vacibliyini vurğulayıblar. Bir sıra ölkələrdə ifadə azadlığının məhdudlaşdırılması, hüquq müdafiəçilərinə qarşı repressiyalar pislənilib.

Azərbaycan hökumətinin təmsilçisi isə müzakirələr zamanı Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldığını deyib: “Ermənistan beynəlxalq hüquq normalarına zidd fəaliyyətini bu gün də davam etdirir. Ermənistan məcburi köçkün düşmüş azərbaycanlıların təhlükəsiz şəraitdə doğma yurdlarına qayıtmasını təmin etməlidir”.

Tədbirdə tanınmış beynəlxalq hüquq-müdafiə təşkilatlarının nümayəndələri də iştirak edib. Eyni zamanda, BMT üzvü olan dövlətlərin təmsilçiləri də bu mövzuda fikirlərini bildiriblər. Irlandiya təmsilçisi insan hüquqlarının daha çox pozulduğu, o cümlədən mətbuata və vətəndaş cəmiyyətinə ciddi təzyiqlərin olduğu ölkələr sırasında Azərbaycanın da adını çəkib. Norveç təmsilçisi isə Azərbaycan hakimiyyətini həbsdəki aktivistləri azad etməyə çağırıb.

Beynəlxalq Hüquqşünaslar Komissiyasının təmsilçisi isə Şuranın diqqətini Azərbaycanda vəkillərin acınacaqlı vəziyyətinə yönəldib. O bildirib ki, Azərbaycanda vəkillər tez-tez təzyiqlərə məruz qalır, hətta müstəqil mövqelərinə görə vəkillikdən uzaqlaşdırılır.

“Son vaxtlar Azərbaycanda hakimlərin əli ilə vəkillərin siyasi motivlərlə intizam cəzasına məruz qalması halları geniş yayılıb. Intiqam Əliyevin, Əlayif Həsənovun və Xalid Bağırovun vəkillikdən kənarlaşdırılması ciddi narahatlıq doğurur. Vətəndaşların hüquqlarının qorunması sahəsində tanınan belə şəxslərin vəkillikdən uzaqlaşdırılması Azərbaycanda vəkillik fəaliyyətinə vurulan ciddi zərbədir”, – deyə o bildirib.