Azərbaycanda qarşıdakı 4 ildə idman obyektlərinin tikintisinə yenidən 330 milyon 300 min manat xərclənəcək.

Gələcək 4 il və daha 330 milyon 300 min manat

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan belə yarışlara ev sahibliyi etməyə can atan nə ilk, nə son ölkədir. 2000-ci illərdə Yunanıstan keçirdiyi olimpiya oyunlarına 16-18 milyard dollara yaxın vəsait xərcləmişdi. Həmin vəsaitin geri dönüşü təmin edilmədiyindən, Yunanıstanın bu gün yaşadığı iqtisadi böhran hamıya məlumdur:get_img-3

Azərbaycanda qarşıdakı 4 ildə idman obyektlərinin tikintisinə xərclənəcək vəsait də açıqlanıb.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bu istiqamətdə xərclərin 330 milyon 300 min manat olacağı göstərilib.

2018-ci ildə xərclər 16 milyon 717 min 700 manat, 2019-cu ildə 21 milyon 734 min manat, 2020-ci ildə isə 23 milyon 931 min 100 manat olacaq.

“İmicə zərər gəlməsin deyə geri addım atmırlar”

Natiq Cəfərli deyir ki, belə vəziyyətdən dərs çıxarmayıb, növbəti illərdə idman yarışlarına yenidən böyük vəsaitlərin ayrılması artıq iqtisadiyyatdan çıxır. Daha çox siyasi, psixoloji məsələyə çevrilir:

“Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliklərdən imtina etmək istəmir. Düşünür ki, İslam Oyunlarından, Formula 1-dən imtina etsə, imic zədələnməsi yaşayacaq. Belə fikir formalaşacaq ki, vəsait tükəndiyindən Azərbaycan hökuməti bu yarışlardan imtina edir. İmicə zərər gəlməsin deyə bu məsələlərdə geri addım atmırlar”.

“Azərbaycan, bu situasiyanı siyasi, imic məsələsinə çevirir”

İqtisadçı bunun yalnış qərar olduğunu düşünür. Deyir, son illər açıq-aşkar gördük ki, bir neçə ölkə beynəlxalq yarışları keçirməkdən imtina etdi. Hətta Norveç kimi inkişaf etmiş ölkə bundan imtina edirsə və bunu imicinin korlanması kimi alqılanacağından qorxmursa, Azərbaycanın bundan çəkinməsi yalnışdır:

“Norveçin təqribən 900 milyard dollara yaxın valyuta ehtiyatı var. Buna baxmayaraq, bir neçə dünya və Avropa çempionatlarının ölkəsindəkeçirilməsindən imtina edib. Bu, normal qarşılanmalıdır. Ancaq Azərbaycan, bu situasiyanı siyasi, imic məsələsinə çevirir. Hökumət Formula1, İslam Oyunları kimi yarışlardan imtina etmədikcə, problemlər daha da dərinləşəcək”.

Azərbaycan İslam Oyunlarından imtina etsəydi…

Natiq Cəfərli əlavə edir ki, gələn il İslam Oyunlarına xərclənəcək 100 milyon dollar böyük məbləğdir. Hökumət bu məbləği əhalinin boynuna qoydu. Kommunal xidmətlərin qiymətinin qalxması ilə büdcəyə 300 milyon manata yaxın vəsait daxil olmasını planlaşdırılır. İndi də məlum olur ki, bu vəsaitin böyük bir hissəsi İslam Oyunlarının keçirilməsinə xərclənəcək:

“Ən sadə müqayisə: hökumət bu oyunlardan imtina etsəydi, kommunal qiymətlərini əvvəlki səviyyədə saxlaya bilərdi”.