Rafiq Təmrazov
Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 2017-ci ilin ilk yarısıyla bağlı yüksək nailiyyətlərdən bəhs edən mətbuat konfransı keçirilmişdir (http://www.genprosecutor.gov.az/news/4/1414/azerbaycan-respublikasinin-bas-prokuroru-yaninda-korrupsiyaya-qarsi-mubarize-bas-idaresi-2016-ci-ilin-i-yarimili-erzinde-gorulmus-islere-dair-hesabatla-cixis-etmisdir). Mətbuata verilən məlumat bu cümlə ilə başlayır: “Mətbuat konfransını giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, bürokratik əngəllərin aradan qaldırılması, vətəndaş-məmur təmasının minimuma endirilməsi, daha çevik və keyfiyyətli idarəetməni təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar 2017-ci ilin I yarısında da uğurla həyata keçirilmişdir”
Daha sonra K.Əliyev İlham Əliyevin başçılığı ilə apardığı mübarizədən danışdı. 3656 müraciətdən 125 cinayət xarakterli material araşdırılmış, 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəb edilmişdir. Qaynar xəttə edilən 2151 müraciətdən 16-sı üzrə cinayət işi başlanması da qeyd olunur. Başqa rəqəmlər də var. Lakin 6000-ə yaxın müraciətdən 29 nəfər vəzifəli şəxsin intizama dəvət olunması ölkədə vəzifə adamlarına qarşı xüsusi “qayğı”nın olmasından xəbər verir.
Təsəvvür edin ki, Azrbaycanın bütün hüdudlarında hər gün nə qədər haqsızlıqla, hüquqpozma ilə qarşılaşan və hüququ uğrunda mübarizənin yollarını bilməyən insanlar var. Həmin insanların böyük hissəsi Əliyevlər rejiminin yaratdığı korrupsiya məngənəsindən keçərək “KORRUPSİYA QURBANI” olurlar. Bir qrupu rüşvət verməmək üçün bürokratiya aparatında illərlə sürünürlər. Bir qrupu pulu olmadığından rüşvət vermirlər, sözün həqiqi mənasında gözləməyə məhkumdurlar. Vəkilə müraciət etmək üçün maddi imkan olmadığından və məhkəmələrdə hüquqların təminatına inamın az olmasından insanlar bu yola əl atmağın da mənasızlığını başa düşürlər. Göründüyü kimi bir problemin həlli üçün mümkün olan bütün yollar qeyri-mümkün görünür.
Bu insanların içindən nisbətən cəsarətliləri, problemini konkret həll etmək istəyənlər son illər dəbdə olan qaynar xəttə zəng vururlar. Yəqin heç kəs etiraz etməz ki, insanlar daha çox Daxili İşlər Nazirliyinin 102 nömrəsinə zəng vururlar. Bütün bu sadalananlar onu göstərir ki, məmur Kamran Əliyevin qaynar xəttini Azərbaycanda o qədər də adam bilmir. Ya da bilənlər məlumatlı, öz hüququnu tələb etməyi bacaranlardır. Deməli, Əliyevlər ölkəsinin Əliyev idarəsinə şikayət edənlər əsaslı problemi olan adamlardır və onların müraciətləri də konkret ünvanlanıb. Həmin 6000-ə yaxın müracət üzrə illərdir aparılan “YORULMAZ MÜBARİZƏ” nəticəsində vəzifə adamlarının intizam məsuliyyəti bizə bu korrupsiya vektorunun hara gedəcəyini göstərir. Deməli, həmin vəzifə adamları özlərindən daha yuxarılardakılara da “pay” verdiyindən cəzalanmayacaqlarına əmindirlər. Olsa da bu görüntü xarakterli olur və müəyyən dozada baş verir, məsələn intizam məsuliyyəti kimi…
Həmin bu trayektoriyanı çox davam etdirsək bizim yolumuz yəqin prokurorluğa, polisə, məktəbə, SOCAR-a, məkəbə, xəstəxanaya yox, Prezident Aparatına gedəcək. O, aparatın ki, adminstrativ rəhbəri Korrupsiya Üzrə Hökumət Komissiyasının sədridir. Ölkədə bütün işlərə müdaxilə etmək səlahiyyəti var. Ölkə başçısının da əsas dayağıdır və siyasi hakimiyyətin ən etibarlı adamıdır. Demək bu əlahəzrətlərin korrupsiya gözlərini nətər bağlayıbsa, sadəcə görüntü xatirinə beş nəfər də olsa işdən azad edə bilmirlər. Axı onlar da pul veriblər və lazım olduqda yenə verirlər…
Demək ölkədə korrupsiya ölkə rəhbəri səviyyəsində himayə edilir.
P.S. Tülküyə deyirlər səni toyuq fermasına müdir qoyublar, başlayır ağlamağa… Deyirlər bəs niyə ağlayırsan, deyir qorxuram yalan ola!…