Xebernamə.info ictimai-siyasi fəal Anar Məmmədovla ölkə səhiyyəsinin mövcüd problemlərini müzakirə etdi.
Anar bəy Azərbaycanın səhiyyə sistemindəki son durumu necə qiymətləndirirsiniz? – Kifayət qədər geniş sual olsa da, bir neçə aspektdən suala aydınlıq gətirmək olar: Səhiyyə sahəsinə ayrılan vəsait, tibbi xidmətlərdən istifadə imkanları və insanların ölkə səhiyyəsinə inamı. İlk növbədə onu qeyd etmək lazımdır ki, rəsmi məlumata görə 2013-cü ildə Azərbaycan səhiyyəsinə azı 670 milyon manat dövlət vəsaiti ayrılıb. Bu isə o deməkdir ki, son 13 ildə səhiyyə xərcləri 10 dəfədən çox artmışdır. Bu dövr ərzində paytaxt Bakı da daxil olmaqla Dövlət Neft Şirkətinin maliyyəsi ilə Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba, Zaqatala, Qəbələ və Şamaxıda Müalicə Diaqnostika mərkəzləri inşa olunub. Bu mərkəzlər demək olar ki, eyni layihəyə əsaslanır. Hər bir mərkəzdə inzibati, qəbul, hemodializ, konsultativ poliklinika, cərrahiyyə profilli 20 çarpayılıq stasionar, anesteziologiya və reanimasiya şöbələri fəaliyyət göstərir. Qanunvericiliyə görə dövlət xəstəxanalarında səhiyyə xidmətləri pulsuz olsa da, faktiki insanların hər gün bu hüquqları pozulur və insanlar qeyri-qanuni olsa da, pullu tibbi xidmət alırlar. Nəhayət, hər hansı tədqiqat və ya sosioloji sorğu keçirmədən Azərbaycanda kimdən soruşsan bərbad tibb xidmətindən və savadsız həkimdən söhbət açacaqdır. Bu isə əsl inamsızlığı göstərir.
Qeyd etdiklərinizə əsaslansaq, ölkədə səhiyyənin ümumi səviyyəsinin aşağı olmasını daha nələrlə izah etmək olar? – Yuxarıda qeyd etdiyim kimi insanlar həkimlərin savadsızlığından və dərmanların keyfiyyətsiz olmasından gileylənirlər. Eyni zamanda ölkədə hər gün minlərlə adam İrana müalicəyə gedir. Televiziyalarımızda isə İranda zəif həkimlərin olmasından danışılır. Amma bizim niyə İrana üz tutmağımızdan danışmaq istəyən yoxdur. Mətbuatda bir neçə il bundan qabaq Ərdəbil əyaləti başçısının müsahibəsi yayılmışdı. O, müsahibəsində bildirirdi ki, gün ərzində Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsi ilə Ərdəbil əyalətinə orta hesabla üç min azərbaycanlı gəlir və onların əksəriyyəti müalicə almaq üçün xəstəxanalara üz tuturlar. Bundan savayı diaqnostika mərkəzlərində şüa diaqnostikası-rentgen müayinəsi, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya-MRT, fizioterapiya-masaj, elektriklə və işıqla müalicə, laboratoriya şöbələri-biokimyəvi, hematoloji, immuno-loji-seroloji və mikrobioloji də var. ARDNŞ bu mərkəzlərin tikintisinə 100 milyon manatdan çox vəsait xərcləyib. Belə ki, Cəlilabadda tikilən Diaqnostika Mərkəzinə 9 milyon, Bərdədəkinə 11 milyon, Gəncədəkinə 13 milyon manat sərf edilib. Amma tikintisinə on milyonlarla manat sərf edilən diaqnostika mərkəzlərinə xəstə axını gözlənilən səviyyədə deyil və xəstə insanlar müalicə üçün başqa ölkələrə getməkdə davam edirlər. Azərbaycanın Səhiyyə Nazirliyi isə ölkədə bu sahədə yüksək nailiyyətlərin əldə olunduğunu iddia edir.
-Kifayət qədər problemlər sadaladınız. Sizcə bu problemlərin əsas səbəbləri nə ilə bağlıdır? – Əvvəla bütün sahələrdə olduğu kimi, ölkə səhiyyəsinin də problemləri kifayət qədərdir. İlk növbədə qanunvericilik səviyyəsində müvafiq problemlər mövcuddur. Tibbi fəaliyyətin tənzimlənməsi sahəsində mövcud qanunverici baza isə müasir tələblərə cavab vermir: Tibbi sığortanın tətbiqindəki lənglik, pullu və pulsuz səhiyyə arasında sərhəddin nisbiliyi, səhiyyə personalının əmək haqlarının gülünc səviyyədə aşağı olması, korrupsiya və rüşvət, proteksiya halları səhiyyə sahəsində problemləri artırır. Lakin ümumi problemlər ucbatından hətta külli miqdarda yatırımlar belə, effektiv olmur. Təəssüf ki, məmur ordusunda müvəqqətilik sindromu var. Elə bil vəzifəyə hamı bir fürsət kimi yanaşır.
İmkanlı şəxslər isə daha keyfiyyətli tibbi xidmət üçün digər dövlətlərə üz tuturlar: “Bu isə ölkədən xeyli vəsait axınına səbəb olur. Misal üçün, təkcə İrana il ərzində tibbi yardım üçün gedənlərin sayı ortalama 500 mindirsə və hər pasient müşayiət edənlərlə birlikdə ən aşağı dəyərləndirmə ilə 1000 ABŞ dolları xərcləyirsə, bu, il ərzində dövriyyəmizdən 500 milyon vəsaitin çıxması deməkdir. Bu rəqəmin üzərinə digər ölkələrdə tibbi ehtiyaclar – dərman preparatları və avadanlıqları üçün xərclənən vəsaitləri gəldikdə isə, hər il iqtisadi maraqlarımıza dəyən maddi zərərin həcmini görərik.
Xebername.info 15.12.2014 O.Xəyal