REAL Hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli isə düşünür ki, Azərbaycan bu hadisələrdən nəticə çıxararaq dünyəviliyi və cumhuriyyətçilik ənənələrini gücləndirməldir:
“Azərbaycan üçün burdan çıxarılacaq nəticə odur ki, Azərbaycan dünyəviliyi, cumhuriyyətçiliyi gücləndirməlidir. Azərbaycan Cumhuriyyətinin qurulduğu illərdə olan ideoloji mühit hesabına o zaman hətta Türkiyəyə örnək ola bilirdi. Türkçülük, cumhuriyyətçilik kimi ideyalar burdan ora getdi. Bəlkə də tarixin istehzasıdır. bəlkə də çoxları üçün qəribə gələ bilər. Amma kim bilir, bəlkə də Azərbaycan yenidən Türkiyə üçün dünyəvilik və cumhuriyyətçilik baxımından örnək ola bildi. Türkiyədə gedən proseslərdən heç xoşum gəlmir. Bu son olaylar da göstərdi ki, Türkiyənin cəmiyyəti proqressiv düşüncələrlə düşünmür. Demokratik seçki olsa da o, demokratiyanın güclənməsinə xidmət etmir.
Azərbaycanın problemi başqadır. Bizdə demokratiyanın “d”-si belə yoxdur. Amma dünyəvilik var, dünyaya açıqlıq var, dünyagörüşü var. Yeni ideyalara açıq cəmiyyətik. Bunun üzərində çox şey qurmaq olar. Amma dünyəviliklə, cumhuriyyətçiliyi gücləndirmək lazımdır”.