Azərbaycan XİN-i Xədicə İsmayılova barəsində bəyanatlara cavab verib

dferefrefAzərbaycan Xarici İşlər Nazirliyi jurnalist Xədicə İsmayılova barəsində çıxarılmış məhkəmə qərarı ilə əlaqədar ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Avropa İttifaqı və digər təşkilatların bəyanatlarına cavab verib. Xebername.info Bizimyol.info saytının məlumatına istinadən xəbər verir ki,  XİN Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik.
“Təəssüflər olsun ki, Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar hələ istintaq mərhələsində olanda belə istintaqın işinə müdaxilə, istintaqa təzyiq göstərilməsi və ona siyasi don geyindirilməsi kimi qərəzli yanaşma özünü göstərirdi.
Bu kimi cəhdlər Azərbaycan Respublikasının suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirilir.
Xarici işlər nazirliyi tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmənin çıxardığı qərarlara hörmətlə yanaşılmalıdır.
Qanunla hər bir vətəndaşın məhkəmə qərarlarından apelyasiya qaydasında müraciət hüququ təsbit edilib”.
Qeyd edək ki. X.İsmayılova jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham ürə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.
Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək, 3 il müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 X.İsmayıl ittihamları qəbul etmir, jurnalist fəaliyyətinə görə siyasi sifarişlə həbs edildiyini bildirib. Amnesty İnternational təşkilatı X.İsmayılı “vicdan məhbusu” kimi tanıyıb.
Mətləb BALAKİŞİEV