“Azərbaycan pulyuyan maşınının” daha bir epizodu açıldı.

Milli Şuranın sədri Cəmil Həsənli
“Azərbaycan pulyuyan maşınının” daha bir epizodu açıldı. Azərbaycan rəsmiləri ilə bağlı yeni korrupsiya faktı aşkarlandı. Bunu Azərbaycan hüquq mühafizə orqanları aşkarlamayıb. Elə güman etməyin ki, uzun müddət baş prokurorluqda korrupsiyaya qarşı mübarizə komissiyasına rəhbərlik etmiş Kamran Əliyev baş prokuror postuna gələndən sonra bu faktları aşkarlayıb.
Yox! Bu cinayəti Britaniya Milli Cinayət Agentliyi (MCA) aşkarlayıb, Britaniya məhkəməsi araşdırır. “Evening Standard” qəzetinin Azərbaycan rəsmilərinin oğurluq, korrupsiya əməli barədə dərc etdiyi materiallarda adlar açıqlanmasa da, onu gizli saxlamaq mümkün olmadı. İlkin araşdırmalar göstərdi ki məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir. Bu araşdırma Azərbaycan mədəniyyətinin sədasının Beliz, Marşal və Seyşel adalarından gəldiyini ortaya qoydu. Yox, nazirliyimiz bu eqzotik adalara dahi Qara Qarayevin “Üçüncü simfoniya”sını ifa etmək üçün orkestr göndərməyib, nazir Əbülfəs Qarayevin mədəniyyətimizdən çırpışdırdığı korrupsiya pullarını göndərib.
Eyni məzmunlu araşdırma respublika sərhəd xidməti rəisi və onun həyat yoldaşı haqqında da başlayıb. Sən demə Britaniya MCA 5 ay bundan əvvəl Azərbaycan hakimiyyətinə sorğu verib və bu rüsvayçı sorğu ictimaiyyətdən gizlədilib. İlahi, bunlar necə utanmazdırlar! Mədəniyyət nazirliyi sistemində korrupsiya şəbəkəsi, sərhəd xidmətidəki rüsvayçılıq haqqında dəfələrlə yazmışıq, çıxışlarımızda demişik. Gözəl xanımı və Əfqan Muxtarlıya qarşı para qaçaqmalçılığı ssenarisində baş rol alan Sərhəd Xidməti sən demə milyonların qaçaqçılıq yolu ilə ölkə sərhədlərindən çıxarıb Beliz, Marşal və Seyşel adalarında, London ofşorlarında ingilis funtuna çevirib yerbəyer edib.
Qaçqınkom Əli Həsənovun nəvəsi 3 adamı qanına qəltan eləmiş Nail bala axı həmdə Elçin Quliyevin kürəkənidir və İlham Əliyev görmürdü ki, onun hər biri 200 min dollardan yüksək olan maşın parkında generalın da payı var? Gözəl xanımın və Əfqan bəyin məhkəmələrində maraqlı bir faktın şahidi oldum. Hər iki məhkəmədə şahid kimi ifadə verən zabitlərin bir hissəsi cənab Quliyevin yaxın qohumları, böyük əksəriyyəti isə eyni regionun adamları idi. Məhkəmə hakimləri bu faktı gizlətmək istəsələr də, vəkil və təqsirləndirilən şəxslərin sualları anket məlumatlarını, üzəduran zabitlərin doğum yerlərini və qohumluq əlaqələrini dəqiqləşdirməyə yardım etdi.
Hələ ondan qabaq həmin xidmətdə qulluq etmiş bir zabit mənə danışmışdı ki, Elçin Quliyev Sərhəd Xidmətinə rəis gələndən sonra xidməti necə “yad ünsürlərdən” təmizləyib “həmyerli zabitlərin” klubuna çevirib. Axı, həmyerlilərin, özününkülərin əhatəsində rüşvət və korrupsiya kimi natəmiz əməllərlə daha arxayın, daha qorxusuz və hürküsüz məşğul olmaq olur. İlham Əliyevin təyin etdiyi vəzifəli şəxslər kresloya oturan kimi bəyan edir ki, mən öz adamlarımla işləmək istəyirəm. Kimdir bunların öz adamları? Qohum-əqrəba, oğul-uşaq, yerlilər, həmyerlilər. İndi müavinləri tuturlar. Nazir və rəisin günahı onlardan azdırmı? Keçmiş nazir Əli Abbasov kimi yəqin onları da harasa məsləhətçi göndərəcəklər. Zaman-zaman öz zəhmətinə tapınan, halallığı ilə öyünən, aydan arı, sudan duru olan bu milləti, bu ölkəni niyə öz iyrənc əməlləriniz, oğru xislətiniz, natəmiz əməllərinizlə rüsvay edirsiniz? Adamda heç utanan üz olmaz? Ölkədə bu mühiti, bu mənzərəni yaradan İlham Əliyevdir, korrupsiya qara kassasının baş xəzinədarı da o, özü və onun ailə üzvləridir. Nazirlər, icra başçıları, sərhəd və digər xidmətlər də ondan nümunə götürürlər. İlham Əliyev transmilli kriminal korrupsiya şəbəkəsi yaradıb. İndi Azərbaycan kleptokratik rejiminin korrupsiyası tək Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükəyə çevrilib.
Əliyev rejiminin ən iyrənc xüsusiyyəti vəzifəli şəxslərin ailəvi bu rəzalətə bulaşdırmasıdır. Ər oğurlayır, arvad yerbəyer edir, oğul da oğruya qarşı mübarizə idarəsində işləyir. Lap Qasım bəy Zakir demişkən: “Erkəyi – dişisi yaman peşədə!”