Natiq Cəfərov: “Avropa bizə paxıllıq edir”
Avropa deyir ki, seçkiləri saxtalaşdırmayın, insanları şərləyib həbs etməyin, normal məhkəmə sistemi qurun, azad və rəqabətli iqtisadiyyata sahib olun, korrupsiyaya bulaşmayın, inhisarçılıqdan əl çəkin, məmur özbaşnalığına son verin, yoxsa məmurlarınıza fərdi sanksiyalar tədbiq ediləcək, yəni, söhbət ölkəmizə, dövlətimizə qarşı sanksiyalardan getmir, biz bunun həmişə əleyhinə olmuşuq, lehinə olduğumuz qanun pozanlara fərdi sanksiyaların tədbiqidir.
Bizim hökumət cavab verir ki, bizim Qarabağ boyda dərdimiz var, 1 milyon qaçqınımız var, torpaqlarımız işğal altındadır, siz bizə paxıllıq edirsiniz, gözünüz bizi götürmür.
Hökumət anlamır ki, Qarabağ boyda dərdimiz, 1 milyon qaçqınımızın problemləri, torpaqlarımızın işğalı ona görə həll olunmur ki, bizdə normal seçki keçirilmir, məhkəmə sistemi azad deyil, rəqabətli mühit yoxdur, insanlar şərlənərək həbs olunur, inhisarçı və korrupsiyaya uğramış idarəetmə sistemimiz var.
Almaniya son 25 ildə (Qarabağ problem ilə parallel götürsək) dünyadan, əsas da müsəlman ölkələrindən 5 milyona yaxın qaçqın qəbul edib, 2015-2016-ci illərdə əlavə olaraq Suriya, İraq və Şimali Afrikadan daha 1 milyon qaçqın qəbul edəcək. Onu da xatırladım ki, 2-ci dünya müharibəsindən sonra Almaniyanın tarixi bölgəsi olan Alsace-Lorraine (indiki Strasburq və ətrafı) torpaqları Fransaya keçdi. İndi Almaniya neyləsin, seçki keçirməsin, Merkeli ömürlük kansler elan etsin, nazirləri oliqarx-milyarder olub, 20 il kresloları ilə diffuziya əlaqəsinə girsin, sonra da irad bildirənlərə, “Bizim Alsace-Lorraine boyda dərdimiz, 6 milyon qaçqınımız var”, desin?! Ya desin ki, bizim Mersedesiniz, BMW-miz var, dünyanın avtomobil təhlükəsizliyində mühim rol oynayırıq, ona görə bizə paxıllıq edirsiniz?!
Dəhşət odur ki, hökuməti qorumaq istəyənlərin ritorikası, “arqumentləri” hökumətin özünə tənqiddən daha ağır zərbə vurur, sivil dünya bu dili anlamır…
Azər Mehdiyev: “Belə sanksiyalar qarşısında Avropa diz çökərdi”
Milli Məclisdən daha kəskin qərarlar gözləyirdim. Məsələn, Avropaya (Avropa Birliyinə) qarşı iqtisadi sanksiyalara başlamaq lazım idi: neftimizi onlara satmaqdan imtina etmək, TAP layihəsini dayandırmaq (qoy Avropa qazsız qalsın); Avropa banklarında olan pulların (hansı məmura məxsus olmasından asılı olmayaraq) hamısını geri almaq, oralarda alınmış daşınmaz əmlakı satmaq, Neft Fondunun Avropada olan investisiyalarını oradan köçürmək, Avropada olan bizneslərindən imtina etsinlər, Avropaya hər cür səfərlərdən imtina etmək, Avropa mallarını almaqdan imtina etmək, xüsusilə Avropa istehsalı olan avtomobillərinin ölkəyə gətirilməsinə qadağa qoymaqvə s. Belə sanksiyalar qarşısında Avropa diz çökərdi… Milli Məclis çox ürəyiyumşaq davrandı…
xebername.info