Azərbaycan – insan hüququları məmurlar tərəfindən pozulan ölkə!

Azərbaycanda insan haqlarının müdafiəsi istiqamətində bir sıra addımlar atılıb. 18 iyun 1998-ci ildə sabiq prezident Heydər Əliyevin imzaladığı sərəncamla “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Həmin gün Azərbaycan tarixinə İnsan hüquqları günü kimi daxil olub. Bütün bunlar insan haqlarına daha çox diqqətin ayrılmasına şərait yaradıb. Təsadüfi deyil ki, ölkədə insan haqlarının durumunu araşdıran xeyli sayda hüquq müdafiə təşkilatı, medai və dövlət qurumları mövcuddur.Ölkədə insan hüquqularının məmurlar tərəfindən pozulduğu dəfələrlə rəsmən etiraf olunur. Harınlamış məmurlar xalq xidmət etmək əvəzinə vətəndaşları incidir, süründürürlər. Bunun nəticəsidir ki, bu gün Azərbaycan bir çox yerli və beynəlxalq təşkilatlar tərəfindən ölkədə insan hüquqlarının vəziyyətinə görə kəskin tənqid olunur.unnamed-1

Norveçin Helsinki Komitəsi tərəfindən hazırlanan, “siyasi məhbus” kimi tanınan şəxslərin siyasında Azərbaycandan 80 adamın adı əks olunub.Human Rights Watch Azərbaycan hakimiyyətinin, öz tənqidçilərinə qarşı repressiya apardığını bildirir.

“Sərhədsiz Reportyorlar” Azərbaycanın mətbuat azadlığı indeksi siyahısında 180 ölkə arasında 162-ci yerdə durduğunu bildirir. Transparency International-ın korrupsiya hesabatında isə Azərbaycan 175 ölkə 126-cıdır.

Bir çox Avropa ölkələrində Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinin həbsinə etirazlar keçirilib. Bu ilin aprel ayında Beynəlxalq mətbuat hüquqları təşkilatı Jurnalistləri Müdafiə Komitəsinin (The Committee to Protect Journalists -CPJ) senzura indeksində Azərbaycan ilk beşliyə daxil edilib. Təşkilat bildirib ki, hökumətlərin senzura taktikasına jurnalistlərin məhbus edilməsindən tutmuş repressiv qanunlar və internet azadlığı üzərinə qoyulmuş məhdudiyyələrədək ən müxtəlif taktika növləri daxildir.

Beynəlxalq təşkilatların siyasi və ya vicdan məhbusu kimi tanıdığı hüquq müdafiəçiləri və jurnalistlərə qarşı əsasən aşağıdakı ittihamlar irəli sürülüb.

2013-cü ilin dekabırında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli qanunsuz sahibkarlıqda, külli miqdarda vergidən yayınma və seçki saxtakarlığında ittiham olunaraq həbs edilib. 2014-cü il may ayında o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elə həmin il Anar Məmmədli Avropa Şurası Parlament Assambleyası (AŞPA) Vaclav Havel adına İnsan Haqları mükafatına sahib olub.

2014-cü ilin mart ayında “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirovun Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib və burada həbs olunub. Jurnalist hazırda Cinayət Məcəlləsinin 274-cü, dövlətə xəyanət maddəsi ilə ittiham olunur. İttiham öz təsdiqini taparsa, o, 10 ildən 15 ilədək və ya ömürlük həbs cəzası ala bilər. Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi açıqlama verərək bu həbsdən narahatlığını ifadə edib.

2014-cü il avqust ayında İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilib. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunur. İstintaq dövründə ona qarşı, həmçinin, mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub. 2015-ci ilin aprel ayında o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin iyul ayında Sülh və Demokratiya İnstitunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı konfliktoloq Arif Yunus həbs olunub. Onlar dövlətə xəyanət, dələduzluq vergidən yayınma, qanunsuz sahibkarlıq, sənədlərin saxtalaşdırılması, bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri maddələri ilə ittiham olunurlar.

2014-cü ilin avqust ayında Hüquq Maarifçiliyi Cəmiyyəti qeyri-hökümət təşkilatının rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunaraq həbs olunub. 2015-ci il aprel ayında 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Human Rights Watch onun həbsini siyasi motivli sayaraq onun azad edilməsini tələb edib.

2014-cü ilin avqust ayında həbs olunanlardan biri də Azərbaycan Xalq Cəbhəsi partiyasının Rəyasət Heyətinin üzvü olan jurnalist, Azərbaycan hökümətini tənqid edən “Azərbaycan saatı” TV proqramının aparıcısı və Azadlıq qəzetinin redaktoru Seymur Həzidir. Ona qarşı “silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Bu ilin yanvar ayında o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il dekabr ayında Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə ittihamla saxlanılıb. Daha sonra ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə cinayət işi açılıb. İttihamlar təsdiqlənərsə, jurnalisti 12 ilədək həbs cəzası gözləyir. Xədicə İsmayıl həbs olunudqdan sonra Anna Politovskaya Söz Azadlığı mükafatına və PEN Amerika Mərkəzinin söz azadlığı ilə bağlı nüfuzlu mükafatı – PEN/Barbara Goldsmith mükafatına layiq görülüb. Bir çox insan və jurnalist haqları təşkilatları onun dərhal azadlığa buraxılmasına çağırıb.

Bütün bunlar onu göstərir ki, ölkədə insan hüquq və azadlığının təmin olunması üçün vacib işlər görülməlidir. Məhkəmə-hüquq sistemində dərin islahatlar aparılmadan insan haqlarını qorumaq mümkün deyil.

Məhərrəm Məmmədov (ictimai-siyasi fəal sahibkar)