
Tatıyev ukrayna, rus və ingilis dillərində yazılmış plakatlar tutaraq Təhlükəsizlik Xidmətinin binasının əsas giriş qapısı ağzənda dayanıb, periodik olaraq plakatları dəyişib. Onun qaldırdığı plakatlarda “SBU-KQB?”, “SBU millətlərarası münaqişəni qızışdırır”, “SBU-Rusiyanın dəyirmanına su tökdüyün bəsdir!” sözləri yazılıb.
“Mənim məqsədim vətəndaş cəmiyyətinin diqqətini Ukrayna Təhlükəsizlik Xidmətinin tamamilə demokratik, patriotik təşkilat olan Kiyev İslam Mədəniyyət Mərkəzinə qarşı qanunsuz hərəkətlərinə cəlb etməkdir”-hazırda Kiyevdə vəkillik fəaliyyəti ilə məşğul olan Tatıyev bildirib.
İbrahim Tatıyev Kiyevdəki Şevçenko adına Milli Universiteti bitirib, hüquqşünasdır, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Baş prokurorunun müavini və 1-ci müavini işləyib. 1993-cü ilin iyununda Gəncədə baş vermiş hadisələri araşdıran deputat-istintaq komissiyasının rəyində Tatıyev AXC-nin digər liderləri və vəzifəliləri ilə bərabər günahkarlar sırasında göstərilir.
Martın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Kiyevdəki İslam Mədəniyyət Mərkəzinə məxsus kitab mağazasının qapılarını sındırıblar və oradan “qadağan olunmuş ədəbiyyat” götürüblər. Ukrayna müsəlmanları Dini İdarəsinin müftisi Səid İsmagilov bu axtarışı “təxribat” adlandırıb.