APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında deyib.
Markovun Qarabağ münaqişəsiylə bağlı söylədiklərini şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə “ayının min oyunu bir armudun başındadır” məsəlini xatırladaraq bildirib ki, münaqişənin həll olunmamasının səbəbi Moskvanın Ermənistan və Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyindən doğur: “Ona görə də Rusiya münaqişənin həll olunmasını istəmir. Münaqişənin formatı, forması dəyişə bilər, amma mahiyyəti qalmalıdır ki, tərəflər Kreml qarşısında itaətkar olsunlar. Bu mənada Rusiya Ermənistana hərbi-siyasi və maliyyə dəstəyi verir, Azərbaycana da deyir ki, qoyduğum çərçivədən kənara çıxma. Ermənistan bir qədər Kremlin qoyduğu xətdən kənara çıxan kimi Azərbaycana deyir ki, vur, Azərbaycan oxşar addım atanda isə qarşı tərəfə həmin əmri verir”.
“Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov 1-5 aprel hərbi əməliyyatlarından sonra danışıqlardakı dirçəlişi xatırladaraq bildirdi ki, Kazan formulu, yaxud başqa variant olsun, bunların elə bir əhəmiyyəti yoxdur: “6 bənddən ibarət Madrid prinsipləri istisna olmaqla digər variantlar barədə müfəssəl informasiya yoxdur. O zaman demişdim ki, münaqişənin həlli iki variantda mümkündür, birinci, region tamamilə böyük güclərdən birinin təsir dairəsinə keçsin. Rusiya aprel hadisələrindən istifadə edərək bunun üçün çalışırdı, amma naməlum səbəblərdən alınmadı. İkinci variant odur ki, bölgədə maraqlı olan dövlətlər öz maraqlarını uzlaşdıra bilsinlər”.
“Sadaladığım məqamlar o deməkdir ki, münaqişədə şərti sabitlik dövrü başlayıb. Bölgədə daha ciddi problemlər Qarabağ məsələsini arxa plana keçirib. Həm də hər iki ölkənin siyasi rəhbərliyinin kompromis istəkləri də böyük deyil”,- deyə Mirqədirov bildirib.