Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Vüqar Əbillinin inzibati qaydada həbs cəzası aldığı bildirilir.
Bu barədə AXCP-dən danışıblar.
Partiyadan verilən məlumata görə, V.Əbilli aprelin 16-da axşam saatlarında Abşeron Rayon Polis İdarəsinə dəvət edilib: “Amma idarədə onu polisə müqavimətdə ittiham ediblər. Aprelin 17-də isə Abşeron Rayon Məhkəməsi V.Əbillini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilərək, barəsində 20 sutkalıq inzibati həbs qərarı çıxarıb”.
Partiyadan qeyd edilənləri əsassız sayırlar. Onların açıqlamasına görə, V.Əbilli siyasi mənsubiyyətinə görə şərlənib.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Abşeron Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.