Avropadan Putinə cavab: «Rusiyanın «qara siyahısına» düşmək şərəfdir»

imagesRusiyanın avropalı siyasətçilərdən və bir neçə yüksək rütbəli hərbiçidən ibarət 89 nəfərlik «qara siyahısına» qarşı tərəfdən operativ reaksiya gəlib. Avropa Daxili Siyasət Xidməti prezident Vladimir Putinin siyahıdakı şəxslərin Rusiyaya girişini qadağan edən bu qərarını əsassız adlandırıb: «Rusiya Avropa Birliyinə sanksiya tətbiq etdiyi şəxslərin siyahısını təqdim edib. Amma bu qərarını əsaslandırmayıb. Siyahını hansı kriteriyalara görə tərtib etdiyini də açıqlamayıb. Nə izah var, nə də gələcək addımların nə olacağı barədə məlumat». Avropa Birliyinin fikrincə, Rusiya bu addımı Ukraynanın şərqində yaratdığı münaqişədən və Krımın ilhaqından sonra məmurlarına qoyulan qadağalara cavab olaraq atıb.
Avropalı siyasətçilər Rusiyanın «qara siyahısına» düşməkdən qürur duyduqlarını bildiriblər. Keçmiş xarici işlər naziri Karel Şvartsenberq deyib ki, bu siyahıya salınmaqla «düzgün adamların klubuna» düşmüş olub. Hollandiyanın baş naziri Mark Ryutte bildirib ki, siyahıda iki holland deputatın da adı var. Baş nazirin sözlərinə görə, Rusiya siyahını Avropa ölkələrinin səfirliklərinə təqdim edib: «Bu deputatlardan biri Lui Bontedir. Bonte Krımın ilhaqını kəskin tənqid edənlərdən biridir. Rusiyanın bu siyahısı qeyri-şəffafdır, hüquqa ziddir və məhkəmədə mübahisələndirilə bilməz».
Bonte özü açıqlama verərək qərardan məmnun olduğunu bildirib: «Məni və bir neçə deputatı Ukrayna məsələsinə görə Rusiyada görmək istəmirlər. Bu sübut edir ki, biz Putinlə bağlı mövqeyimizdə haqlı olmuşuq. Mən son vaxtlar Rusiyada getməmişəm, getmək fikrim də yox idi”.
Avropa Parlamentinin Belçikadan olan deputatı Mark Demesmeker «qara siyahıya» düşməsini belə qiymətləndirib: «Putin məni «qara siyahıya» salıb. Mənim üçün böyük şərəfdir, cənab Putin».
İsveç Xarici İşlər Nazirliyi siyahıya ölkəsindən 8 nəfərin düşdüyünü bildirsə də, ad açıqlmayıb. Hollandiya XİN də xəbəri təsdiqləsə də, Rusiyanın istəyinə uyğun olaraq adları açıqlaya bilməyəcəklərini qeyd edib.
 Azadliq.info