“Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır”
Hazırda Avropada mühacir həyatı yaşayan, 1977-ci il təvəllüdlü Elnur Aydın oğlu Mirzəyev barəsində cinayət işi açılıb.
APA-nın məlumatına görə, o, Azərbaycan Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma – eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə) maddələri ilə təqsirləndir
Elnur Mirzəyevin Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi ilə mühacirətə getdiyi bildirilir.
O, ölkədə olmadığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
E.Mirzəyevin adı bir neçə il əvvəl Azərbaycanda gündəmə gələn “Mühacir işi”ndə hallanır.
Partiya isə E. Mirzəyevin sənədinin saxta olduğunu açıqlayıb. Partiyanın iyunun 3-də yaydığı bəyanatda deyilir:
“”Müsavat Partiyasının ölkədə və xaricdə nüfuzundan istifadə edərək, bəzi işbazlar müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlər verirlər.
Belə hallar haqda bizə məlumat verildikdə partiya tərəfindən gərəkli addımlar atılmasına baxmayaraq, mühacirlərin təhlükəsizliyi naminə bu məsələlər bizim tərəfimizdən ictimailəşdirilməyib. Lakin son vaxtlar bu tipli məsələlərdən biri bizdən asılı olmayaraq ictimailəşdirildiyi, partiyanın və tanınmış hüquq müdafiəçilərindən birinin adı yersiz hallandırıldığı üçün biz məsələyə aydınlıq gətirməyi zəruri sayırıq.
Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılmış və saxta olduğu təsdiq olunmuşdur.
Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır.
Müsavat Partiyası tərəfindən verildiyi iddia olunan 10 noyabr 2014-cü il tarixli 92 saylı arayış partiyanın son illərdə istifadə etdiyi xüsusi blankda yazılmayıb, Müsavat Partiyası başqanının müavini kimi mənim adım və soyadım göstərilsə də, mənə məxsus imza və partiyanın möhürü saxtalaşdırılıb.
Müsavat Partiyası tərəfindən verildiyi iddia olunan 01 aprel 2015-ci il tarixli 314 saylı “Elnur Mirzəyev barədə” sənəd də yuxarıda göstərilən formada saxtalaşdırılıb (Arayış partiyanın son illərdə istifadə etdiyi xüsusi blankda yazılmayıb, Müsavat Partiyasının başqan müavini, İcra Aparatının rəhbəri kimi mənim adım və soyadım göstərilsə də, mənə məxsus imza və partiyanın möhürü saxtalaşdırılıb).
Bizə təqdim olunan arayış və “Elnur Mirzəyev barədə” sənədin surətinin araşdırılması zamanı orada göstərilən tarixlərdə və saylarda Müsavat Partiyası tərəfindən hansısa bir arayışın və sənədin verilmədiyi aşkar olunub.
Yaydığımız bu bəyanatda Müsavat Partiyasının istifadə etdiyi xüsusi blankın, möhürün və mənim şəxsi imzamın orijinalı ilə Elnur Mirzəyevlə bağlı bizə təqdim olunan sənədlərdə istifadə olunan xüsusi blankı, möhürü və imzamı müqayisə edib, fərqləri görmək mümkündür.
Beləliklə, Belçika Miqrasiya İdarəsinə Elnur Aydın oğlu Mirzəyevin adından təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına ünvanlanan surətlərinin tədqiqi nəticəsində bu sənədlərin Müsavat Partiyası tərəfindən deyil, işbazlar tərəfindən saxta yolla hazırlandığını bir daha bəyan edirik”.