Avropa Parlamenti Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkisini müşahidə etməyəcək.
Bu haqda Avropa Parlamentinin mətbuata açıqlamasında bildirilir.
Sənəddə bildirilir ki, Azərbaycandakı seçkilərin müşahidəsi ilə bağlı parlamentin mövqeyini qurumun Demokratiyanın dəstəklənməsi və seçki koordinasiya qrupunun həmsədrləri MakAlister və MakAvan açıqlayıblar.
«Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək. Nə prosesi, nə sonra elan ediləcək nəticələri şərh edəcək. Avropa Parlamentinin hansısa fərdi üzvü bu seçki prosesini müşahidə etmək, onu şərh etməklə bağlı səlahiyyətləndirilməyib», – açıqlamada vurğulanır.
Açıqlamada vurğulanıb ki, Avropa Parlamentinin hər hansı bir üzvü fərdi şəkildə bu seçkiləri müşahidə etməyə qərar verərsə, bunun öz təşəbbüsü olduğunu ifadə etməli, parlament adından çıxış etməməlidir.
Sənədə görə, Avropa Parlamenti yaz sessiyasından əvvəl, plenar iclas zamanı Avropa Birliyi və Azərbaycan arasında münasibətlər barəsində hesabat qəbul edəcək.
«Yalnız həmin hesabat bu məsələ ilə bağlı Avropa Parlamentinin rəsmi mövqeyini ifadə edəcək», – açıqlamanın sonunda bildirilir.
Açıqlamada həmçinin, Avropa Parlamentinin martın 18-də Rusiyada keçiriləcək prezident seçkisini də müşahidə etməyəcəyi ifadə olunub.
(azadliq.org)