«ABŞ və Avropa İttifaqı birlikdə sözdən hərəkətə keçməlidir»
Azərbaycandakı repressiyalar Qərbin siyasi dairələrilə yanaşı, medianın da gündəmindən düşmür. Avropanın siyasi mənzərəsinə dair materialları ilə tanınan “politico.eu” saytı da Azərbaycanda insan haqlarının acınacaqlı durumundan bəhs edən geniş məqalə yayımlayıb. “Azərbaycanla sərt danışmağın vaxtıdır” başlıqlı məqalədə Qərb dövlətlərinin hökumətləri bu ölkədəki repressiyalara göz yummamağa, Əliyev rejimilə sərt danışmağa çağırılır.
Məqalənin müəllifləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç və“Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının direktoru olmuş Devid Kramerdir.
“Bu gün Azərbaycandan gələn xəbərlərin demək olar ki hamısı pisdir. Avqustun 9-da müstəqil jurnalist Rasim Əliyev döyülərək öldürülüb. Bundan bir neçə gün sonra Leyla və Arif Yunusların barəsində siyasi motivli ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilmələrinə dair hökm çıxarıldı. Sentyabrın 1-də isəçoxsaylı mükafatların sahibi olan jurnalist Xədicə Ismayılova 7 il 6 ay azadlıqdan məhrum edildi”, – deyə məqalənin əvvəlində qeyd olunur.
Yazıda həmçinin bildirilir ki, ölkədən gələn digər pis xəbər ATƏT-in seçkilərin müşahidəsilə məşğul olan Demokratik Təsisatlar və Insan Haqları Bürosunun noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərə müşahidəçi göndərməyəcəyini açıqlamasıdır. Bu isə o deməkdir ki, Azərbaycandakı seçki ciddi müşahidədən kənarda qalacaq.
Məqalədə həmçinin Xədicə Ismayılın araşdırılmalarından da bəhs edilir, onun həbsinin ölkədə mətbuat azadlığına böyük zərbə olduğu vurğulanır: “2013-cü ilin oktyabrında saxtalaşdırılmış prezident seçkisindən sonra Ilham Əliyev rejimi xarici və yerli ”düşmənlər”ə qarşı hücuma keçib. Müxalifət liderləri, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları böhtana, təqibə məruz qalıb, onlarla dövlətin düşmənləri kimi rəftar olunub. Onların bədəli ödəməsinin növbəsi yalnız zaman məsələsi olub”.
Rasim Əliyevin ölümündən də bəhs edən yazıda deyilir ki, prezident Ilham Əliyev bu qətli ifadə və mətbuat azadlığına qarşı hədə kimi gördüyünü bildirib. Eyni zamanda, qeyd olunub ki, Azərbaycanda 2005-ci ildə qətlə yetirilən jurnalist Elmar Hüseynovun, 2011-ci ildə öldürülən Rafiq Tağının qatilləri bu günə qədər tapılıb cəzalandırılmayıb.
Riçard Kozlariç və Devid Kramer yazır ki, hətta ölkədən qaçanlar belə, Əliyev rejiminin sərt əlini hiss etməkdədir. “Meydan TV”nin direktoru, Berlində yaşayan Emin Milli ölüm hədələri aldığını deyir. Bu media orqanı ilə əməkdaşlıq edənlər istintaqa cəlb olunur.
Məqalədə ABŞ Dövlət Departamenti zəif bəyanatlarına görə tənqid edilir. Bütün baş verənləri ən güclü ifadələrlə pisləmək əvəzinə, ABŞ Bakıya üç təmsilçisini – xüsusi elçi Amos Hoçşteyn, dövlət katibinin köməkçisi Riçard Hoqland və müdafiənaziri köməkçisinin müavini Evelin Farkası göndərib. Səfər zamanı Bakıda enerji, Transxəzər və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilir.
“Insan haqlarının durumunun günbəgün pisləşməsinə baxmayaraq, Farkas Azərbaycanı Birləşmiş Ştatların ”strateji tərəfdaşı” adlandırıb. Sakit diplomatiyanın təsiri yoxdur. ABŞ-ın insan haqları pozuntularından “dərin narahat” olduğunu göstərən bəyanatların faydası yoxdur. ABŞ-ın yüksək rütbəli rəsmilərinin səfərləri Birləşmiş Ştatların rejimə dəstəyi kimi görünür, insan haqları pozuntularından danışanlar isə antiAzərbaycançı, yaxud daha pis terminlərlə aşağılanır. Bu çıxılmaz durumu qırmaq lazımdır. Insan haqları pozuntularına yol verən rəsmilərə sanksiyalar qoyulmalıdır. Rejimin mərkəzi sistemi olan kütləvi korrupsiya halları araşdırılmalıdır. Siyasi məhbuslar azad edilməlidir. ABŞ və Avropa Ittifaqı birlikdə sözdən hərəkətə keçməlidir”, – deyəmüəlliflər fikirlərini tamamlayır.
Mətləb BALAKİŞİYEV