ABŞ-ın ATƏT-dəki missiyası Ali Məhkəmənin REAL Hərəkatının həbsdəki rəhbəri İlqar Məmmədov barəsində verdiyi qərarından narahatdır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda belə deyilir.
ABŞ-ın ATƏT-dəki missiyası hökuməti Avropa Məhkəməsinin İ.Məmmədov barəsində çıxardığı qərarı icra etməyə çağırıb:
“Azərbaycan rəsmilərini cənab İlqar Məmmədova qarşı irəli sürülən bütün ittihamları aradan qaldırmağa, onun haqqında Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi qərara riayət etməyə çağırırıq”.
Noyabrın 18-də Azərbaycan Ali Məhkəməsi REAL Hərəkatının lideri İ.Məmmədovun kassasiya şikayətini təmin etməyib.
İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham edilərək mühakimə olunub. Ona 7 il həbs cəzası verilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozuntusunu tanıyıb.
Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə isə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.
Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu bəyan edib.
Nazirlər Komitəsi İ.Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.
Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.