Avropa Məhkəməsindən yeni qərar

avmehkİyunun 11-də Avropa İnsan Haqları Məhkəməsi Müsavat Partiyasının Sumqayıt şöbəsinin üzvü Oqtay Tahirovun 2010-cu il parlament seçkiləri zamanı azad seçki hüququnun pozuntusu ilə bağlı şikayəti üzrə qərar qəbul edib.

Bu barədə vəkil Əsabəli Mustafayev öz Facebook səhifəsində məlumat yayıb. Gözlənildiyi kimi bu, hökumətin bəyannaməsinin qəbulu kimi yox, işin mahiyyəti üzrə geniş qərar oldu: “Qərarla Oqtay Tahirovun namizəd qismində qeydiyyata alınmaması insan huquqlarının pozuntusu kimi qiymətləndirilib. Qərarda seçki komissiyalarının və məhkəmələrin şikayətlərə formal baxması da ayrıca qeyd edilib. Bu qərar həm də onunla fərqlənir ki, o uzun illər dost olduğum Oqtay bəyin ailəsi haqqında Avropa Məhkəməsinin dördüncü qərarıdır. İlk qərar onun bacısı Çiçək Məmmədovanın məmur zorakılığı nəticəsində özünü öldürməsi, ikinci qərar onun qardaşının mülkiyyət hüququnun pozuntusu, nəhayət, üçüncü qərar həyat yoldaşının polis zorakılığına məruz qalması ilə bağlı idi. İndi isə özü barəsində qərar çıxdı”.