Avropa Məhkəməsi 3-cü dəfə hakimlərin siyahısını rədd etdi

                                        Avropa İnsan Haqları Məhkəməsi

Erkin Qədirli: ”İndiki hökumət ölkəmizə bu rəzaləti də yaşatdı”

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində təmsil edəcək hakimliyə namizədlərin siyahısını növbəti dəfə geri qaytarıb.

Bu barədə report.az-a Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov məlumat verib.

Ç.Əsgərov deyib ki, hazırda hakimliyə namizədlərin yeni siyahısı hazırlanır: “Namizədlər bəlli olduqdan sonra siyahı yenidən Avropa Şurası Parlament Assambleyasına təqdim olunacaq”.

Azərbaycanı Avropa Məhkəməsində təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabrın 31-də başa çatıb.

Azərbaycan hökuməti birinci dəfə 2015-ci ilin aprelində Avropa Məhkəməsinin hakimi vəzifəsinə üç namizəd irəli sürüb. Namizədlər Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygun Abdullayeva və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova olub. Amma AŞPA-nın Alt Komitəsi namizədləri qəbul etməyib və siyahını geri qaytarıb.
Azərbaycan ikinci dəfə bu ilin yanvarında hakimliyə namizədlərin siyahısnı AŞPA-ya təqdim edib. Bu vəzifəyə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsi Çingiz Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyevin və Elşanə Vəliyevanın namizədliyi irəli sürülmüşdü. Lakin AŞPA-nın Alt Komitəsi ikinci dəfə siyahını geri qaytarıb.

Ona görə də Azərbaycanı Avropa Məhkəməsində (AİHM) təmsil edən hakim Xanlar Hacıyevin səlahiyyət müddəti artırılıb.

Erkin Qədirli

Erkin Qədirli.

Məsələni öz Facebook səhifəsində şərh edən REAL Hərəkatının İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli deyir ki, bu hal ölkəmiz üçün böyük rəzalətdir: “Layiqli hüquqşünaslar var, amma onların xeylisi hökumətin yanlış siyasi meyarlarına (gözləntilərinə) uyğun gəlmir, ona görə də hökumət onları təklif etməkdən çəkinir (yumşaq desək). Avropa İnsan Haqları Məhkəməsinə hakim təyinatı hələ heç zaman və heç bir ölkəylə bağlı belə biabırçı durumda olmayıb. İndiki hökumət ölkəmizə bu rəzaləti də yaşatdı”.