Dunya Miyatovic: “Sonuncu dəfə Bakıda olanda Əli Həsənovla qəzet barədə söhbətimiz olub”
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic hazırda fəaliyyətini dayandırmış “Azadlıq” qəzeti ilə bağlı Azərbaycan hökumətinə müraciət edəcəyini bildirib.
BBC Azərbaycanca”ya açıqlamasında xanım Mijatovic deyir ki, bu, “Azadlıq” qəzeti ilə bağlı ilk hadisə deyil və Azərbaycanda olarkən bu məsələni dəfələrlə qaldırıb.
“Sonuncu dəfə Bakıda olanda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla qəzet barədə söhbətimiz olub”, o deyib.
“”Azadlıq” qəzeti ilə bağlı məsələ narahatlıq doğurur. “Azadlıq” Azərbycanda müstəqil səslərdən biridir və mənim bu məsələdə mövqeyim birmənalıdır. İstər Azərbaycanda, istərsə də digər ölkələrdə plüralizmə, fərqli baxışa ehtiyac var. Qəzetin fəaliyyətinin dayandırılması onların işinə müdaxilədir”.
ATƏT rəsmisinin sözlərinə görə, siyasi iradə problemi həll etməlidir: “Mən ümid edirəm ki, problem qısa zamanda öz həllini tapacaq və qəzet yenidən çap olunacaq”.
“Azadlıq” qəzeti sentyabrın 6-dan çapı dayandırıb.
“Buna səbəb qəzetin maliyyə əməliyyatlarını apara bilməməsidir” – qəzetin baş redaktorunun müavini Rahim Hacıyev deyir.