Asif Yusiflinin həbs müddəti 1 il azaldıldı

Ali Məhkəmədə İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası Asif Yusiflinin kassasiya şikayətinə baxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə Asif Yusifliyə 7 il 6 ay cəza verib. Ali Məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə alıb, 62-ci (minimum cəzadan aşağı hədd) maddəni tətbiq edərək, cəza müddətini 6 ilə endirib. 2016-cı ilin iyununda qanunvericiliyə dəyişiklikdən sonra Asif Yusiflinin işində bəhs olunan 6 min 500 manatlıq ziyan artıq külli miqdar hesab olunmur. Ona görə də, Penitensiar Xidmətin təqdimatı əsasında Nizami rayon məhkəməsi yenidən bu işə baxıb və ittiham 178.2-ci maddəyə tövsif olunub, amma cəza müddətini dəyişilməyib. Bakı Apellyasiya məhkəməsi də həmin qərarı qüvvədə saxlayıb.
Yüngülləşdirici halları sadalayan Fəxrəddin Mehdiyev deyib ki, maddi ziyan ödənilib, zərərçəkən şəxs məhkəməyə Asif Yusiflidən şikayət və tələbi olmaması haqda ərizə verib, Asif Yusifli sağlamlığını Qarabağ uğrunda döyüşlərdə itirib, əlildir. Üstəlik, həbsindən bir müddət əvvəl ağır yol qəzası keçirib, hazırda əl ağacı ilə hərəkət edir. Ailə vəziyyəti ağırdır. İki azyaşlı övladı var, onların da biri ağır xəstəlikdən əziyyət çəkir. İlk məhkumluğudur, müsbət xarakterizə olunur.
Fəxrəddin Mehdiyev çıxışında deyib ki, əslində, Asif Yusifli heç bir cinayət törətməyib. Vəkil çıxışının sonunda AXCP üzvü haqda hökmün dəyişdirilməsini, onun qalan cəzadan azad edilməsini istəyib.
Prokuror isə 6 illik cəzanın adekvat olduğunu bildirərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş edib.
Məhkəmə qısa müşavirədən sonra şikayəti qismən təmin edib – Asif Yusiflinin cəzası 6 ildən 5 ilə endirilib.
Vəkil Fəxrəddin Mehdiyev qərarı ədalətsiz hesab edib. O, bildirib ki, heç olmasa Ali Məhkəmə öz əvvəlki qərarına hörmət edib CM-nin 62-ci maddəsini tətbiq etməklə Asif Yusifli azadlığa buraxa bilərdi. Vəkil bundan sonra Asif Yusiflinin vaxtından əvvəl cəzadan azadolunması barədə məhkəməyə müraciət olunacağını bildirib.