İqtisadçı Məhəmməd Talıblı deyir ki, çox adamın enerjidən istifadə ilə bağlı yüksək qiymətli qəbz aldığını müşahidə edir: “Bəs AZƏRİŞIQ rəsmiləri deyirdi ki, ölkə üzrə aylıq 250 kilovat işlədənlərin xüsusi çəkisi 72 faizdir? Axı bunlar epizodik hallar deyil…”.
İqtisadçının fikrincə, hələ söhbət ilk aydan gedir və durumun pisləşməsi getdikcə özünü daha qabarıq göstərəcək: “Bu qiymət artımları onu sübut edir ki, əksəriyyət həmin normanı artıq keçir”.
O, enerji tariflərində qiymət artımının əhalinin 72 faizinə təsir etməyəcəyi ilə bağlı deyilənlərin özünü doğrultmadığını düşünür.
“İsrafçılıq etməsinlər, çox da ödəməsinlər”
AZƏRİŞIQ rəsmisi Tanrıverdi Mustafayevin fikrincə, israfçılıq olmasa, əhaliyə elə 300 kwt-lıq elektrik enerjisi də yetər:
“İsrafçılıq edirlərsə, qiymət də artacaq. Dekabrın 1-dən 300 kwt-adək köhnə tarif, ondan sonra işlədilən kwt isə yeni tariflə hesablanır”.
Bəs işıqpulunu ödəyə bilməyən sakinlərin aqibəti necə olacaq?
Tanrıverdi Mustafayev enerji xərcini ödəməkdə problem yaranacağını düşünmür və yenə deyir ki, hər kəs imkanlarına görə elektrik enerjisindən istifadə edəcək və xərcini də ödəyəcək.
Xatırladq ki, Tarif Şurasının qərarına görə, artıq ay ərzində 300 kwt-dan çox istifadə edilən hər kwt-a – 11 qəpik ödəniləcək. O rəqəmdən az enerji tükədənlər işıqpulunu köhnə tariflə (hər kwt-a – 7 qəpik) hesablayacaqlar.