“Putinin Suriyada hərbi əməliyyatları durdurmaq qərarı əslində Rusiyanın maraqları baxımından düzgün qərardır. Rusiya indiki durumunda nəticəsi tam bəlli olmayan bu bahalı müharibədə iştirakını uzun müddət davam etdirə bilməzdi”.
Arqument.Az bastainfo.com-a istinadən xəbər verir ki, bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Arif Hacılı qeyd edib ki, müharibənin Rusiya tərəfindən davam etdirilməsi Əfqanıstan sindromu olaraq Rusiyanı tam çökdürərdi:
“Amma Rusuyanın sentyabr ayından bu müharibədə iştirakı tam məntiqsiz, düşünülməmiş bir addım da deyildi. Belə ki, Putin Suriya kampaniyası vasitəsi ilə ölkəsinə qarşı soyuq müharibəni bərpa edən koalisiyanı zəiflətməyə, ətrafında İran, Bəşər Əsəd və sairlərdən ibarət koalisiya yaratmağa nail oldu.
Post-sovet ölkələrini və Rusiya daxilində mərkəzdənqaçan qüvvələri qorxutdu. Velikorus şovinizmini Rusiyanın yenə də dünya düzənini formalaşdıran əsas güc mərkəzlərindən biri kimi təqdim etməklə sakitləşdirdi. Amma bu kampaniyada Rusiyanın ağır itkiləri də oldu.
Qərblə qarşıdurmada daim ən azı iqtisadi blokadadan çıxmaq üçün istinad etdiyi Türkiyə ilə münasibətləri son dərəcə korlandı. Bu məqsədlə zaman-zaman dəstək aldığı ərəb dünyasının etimadını xeyli itirdi.
Gəlişmələr davam etməkdədir. Bu mürəkkəb dövrdən daha tədbirli, daha düzgün davrananlar uğurla çıxacaq.
İndiki dəyişikliklər dövrü həm də tarixi şanslar dövrüdür.
Bəlkə də sabah bu mərhələnin də növbəti səhifəsi açılacaq.
Bəlkə də Qarabağın, Azərbaycanın, regionun gələcək taleyini bu günlərdə qəbul olunan qərarlar müəyyən edəcək.
Səlahiyyət sahiblərini zamanın məsuliyyətini dərk etməyə çağırıram.
Dövlətimiz və millətimiz üçün uğurlu olsun”.
Arqument.Az