Aqil Abbasın evində elə bir qulluqçu işləyibmi?- İradə Tuncay açıqladı.

Aqil Abbasın evində elə bir qulluqçu işləyibmi?- İradə Tuncay açıqladı
Bu gün tanınmış jurnalist Əvəz Zeynallının hazırladığı “Qaynar qazan” layihəsinin yeni qonağı ilə müsahibə yayılıb. Keçmiş məhbus Xədicə İsmayılova layihə çərçivəsində jurnalistin və müxtəlif vətəndaşların suallarını cavablandıraraq məhbəs xatirələrini bölüşüb. O, cəzaçəkmə müəssəsində vaxtı ilə “Azadlıq” qəzetinin Baş redaktoru Qənimət Zahidin həbs olunmasında rol oynayan və sonradan özü də cinayət başında yaxalanan Sevgiladə Quliyeva adlı məhbusla söhbətləşdiyini açıqlayıb: “Orada maraqlı detal bu idi: Sevgiladə dedi ki, həmin vaxt Aqil Abbasın evində işləyib”.
Əgər Sevgiladə Quliyeva doğrudan da millət vəkili, yazıçı Aqil Abbasın evində işləsəydi, o zaman Aqil Abbasın həyat yoldaşı İradə Tuncay da onu tanımalı idi.
Odur ki, Tezis.az “Ədalət” qəzetinin Baş redaktoru İradə Tuncaydan “Sizin Sevgiladə adında qulluqçunuz olubmu” sualına aydınlıq gətirilməsini xahiş edib.
İradə Tuncay bildirib ki, onların evində nəinki belə bir xidmətçi işləyib, ümumiyyətlə elə adam tanımır: “Əgər doğrudan da həmin qadın bizim evdə işləsəydi, məntiqlə evimizin yerini, otaqların sayını, ailə üzvlərinin xasiyyətini, qab-qaşığın, şkafların haraya qoyulduğunu da bilməli idi. Axı qulluqçular bunları mütləq bilir. Ümumiyyətlə, qulluqçular evdə bütün sirrləri bilir. Onun yalan danışdığını dəqiqləşdirmək üçün evin yönü-yöntəmi barədə soruşmaq kifayət edərdi. Görünür, ya soruşmayıblar, ya da soruşmaq istəməyiblər və indi bu dezinformasiyanı səsləndirmək kimlərinsə marağındadır. Ancaq onu dəqiq sizə deyə bilərəm ki, bizim evdə cəmi bir xidmətçi çalışır və həmin xanım 14 ildir ki bizimlə birgə yaşayır”.