“Apple” korporasiyasının Vaşinqton federal dairəsinin Apellyasiya Məhkəməsində “Samsung” əleyhinə qaldırdığı iddia təmin edilib. Bundan sonra Cənubi Koreya şirkəti öz planşet və smartfonlarında bir sıra mübahisəli funksiyalardan istifadə edə bilməyəcək.
Xebername.info-nun “Bloomberg”ə istinadən verdiyi məlumata görə, məhkəmə qərarına əsasən “Samsung” tərəfindən istifadə olunan və “Apple” şirkətinin patent hüququnu pozan müəyyən funksiyalara qadağa qoyula bilər. Söhbət “slide-to-unlock”, “autocorrect” və “quicklinks” funksiyalarından gedir. “Bu qərar “Apple” və öz məhsullarının özəlliyini qorumaq istəyən istənilən digər şirkət üçün vacib presedentdir. Qərar həmçinin yeni oyunçuların Amerika bazarına çıxışını çətinləşdirir”, – deyə “CFRA Legal Edge” şirkətinin rəhbəri Nik Rodelli deyib.
Xatırladaq ki, “Apple” və “Samsung” şirkətləri 2011-ci ildən bəri bir-birini patent hüququna zidd addımlarda ittiham edir. İlk məhkəmə iddiası “Apple” tərəfindən qaldırılıb və iddiada “iPhone”un dizayn və hazırlanma texnologiyasının “Samsung” tərəfindən istifadə olunduğu bildirilib. 2014-cü ilin mayında ABŞ məhkəməsi “Samsung”un “Apple” şirkətinə 120 milyon dollar təzminat ödəməsi haqda qərar qəbul edib. Lakin apellyasiya məhkəməsi bu qərarı qanunauyğun saymayıb. “Google”, HTC, “LG Electronics” və “Rackspace Hosting” kimi şirkətlər də bu məsələdə “Samsung”a dəstək veriblər. Onların fikrincə, “Apple”ın qələbəsi patent sahiblərinə rəqabətdə haqsız üstünlük əldə etmək imkanı verə bilər.
Elnur ORUCLU