Anar Məmmədovun əmlakına həbs qoyuldu- MƏHKƏMƏ QƏRARI

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun  bir neçə daşınmaz əmlakına  həbs qoyulub.

Xəbərnamə.info “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu qərar “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən çıxarılıb. Qərar bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apellyasiya şikayətindən imtina edib.images (3)

Sözügedən proses “Paşa Bank” ASC-nin keçmiş nəqliyyat nazirinin ailsiylə mülk üstündə yeganə məhkəmə çəkişməsi deyil. Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. Hazırda A.Məmmədov Londonda yaşayır.

Məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədov çıxarılıb. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlaka (“Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllə”də yerləşən müəssisə (eyni zamanda əmlak kompleksi), “Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A” ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki “Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5” ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi) həbs qoyub. Dekabrın 2-də verilən qərara görə, məhkəmə işi tamamlanadək həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.