Anar Abdullayev”Məmurlar öz səlahiyyətlərindən istifadə edərək kiçik sahibkara problem yaratmaqla, bu sahəni “gəlir” sahəsinə çevirib”.

 

Azərbaycanda kiçik və orta sahibkarlığın mövcud vəziyyəti, sahibkarların problemləri və digər məqamlarla bağlı”Hüquqi və Maliyyə Xidmətləri MMC”direktoru, iş adamı Anar Abdullayevlə söhbətləşdik.unnamed (2)

– Anar bəy, Azərbaycanda sahibkarlıq mühitini necə qiymətləndirirsiniz?

Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət səviyyəsində müxtəlif proqramlar, layihələr həyata keçirilsə də bu sahədə ciddi inkişafa nail olunmayıb. Ölkə iqtisadiyyatının formalaşmasında önəmli rol oynayan kiçik sahibkarlar təəssüflə qeyd etməliyik ki, nəinki dövlət dəstəyindən məhrum olub, hətta bir çox hallarda əsassız yoxlamalara, təzyiqlərə məruz qalırlar. Ölkə rəsmiləri sahibkarların hər cür dövlət qayğısı ilə əhatələ olunduqlarını bildirsə də, reallıq bunun əksini göstərir.

– Ölkədə sahibkarlıq fəaliyyətinə başlamaq üçün nələr tələb olunur?

– Azərbaycanda sahibkarlıq fəaliyyətinə başlamaq üçün ilk növbədə hüquqi prosedurları keçmək lazım olur. Sözdə “bir pəncərə” sistemi yaradıblar. Reallıqda isə bu pəncərədən keçmək o qədər çətindir ki, çox adam yolun yarısından geri dönür. Mən də kiçik sahibkar olmaq üçün vaxtı ilə mübarizə apardım. Güclə Vergilər Nazirliyində qeydiyyatdan keçdim. Biznesimi genişləndirmək istədim. Amma hər gün müəyyən problemlərlə qarşılaşdım. Məlum oldu ki, ölkədə sahibkarlar üçün müəyyən çevrə cızılıb. Kim o çevrədən ayağını kənara qoysa cəzalandırılacaq. Bizi işləməyə qoymayan əsasən vergi işçiləri və polislərdir. Vergi işçiləri kiçik sahibkarların dövlətə vergi ödəmələrində maraqlı deyillər. Çalışırlar ki, kiçik sahibkarlardan qanunsuz pul olub onları vergidən yayındırsınlar. Beləliklə, hər ay dövlət büdcəsinə deyil, məmurlara vergilər verək. Azərbaycanda əksər dükan sahibləri vergi məmurları ilə “partnyorluq” edərək fəaliyyət göstərirlər. Vergi müfəttişləri dükanlara gələrək sahibkarlara hansısa sənədləri imzalatdırırlar və sonra da hər ay haqq tələb edirlər. Vergi işçilərilə yanaşı sanitariya və epidemioloji xidmətindən, polis sahə müvəkkiliyindən hər ay gəlib haqlarını alıb gedirlər. Bu cür şəraitdə işləmək olduqca çətin idi. Ölkə başçısına üzləşdiyi problemlərlə bağlı müraciə etdim. Müraciət araşdırılması üçün yerli polis idarəsinə göndərildi. Polis məmuru məni idarəyə dəvət edib “bizdən niyə ölkə başçısına şikayət etmisən, utanmırsan? Kişi də şikayət edər” deyə məni tənbeh etməyə başladı. Sonra qabağıma ağ vərəq qoyub ərizəmi geri götürməyi məndən tələb etdi. Biznesimin məhv olmaması üçün imtina ərizəsi yazdım. Ondan sonra yenə də təzyiqlər başladı. Axırda məcbur olub biznesimə xitam verdim. Edilən şikayət məktubları şikayət olunan qurumun üzərinə yönləndirilir. Həmin qurumun rəhbəri sahibkarı yanına çağırıb danlayır və onun işini daha da çətinləşdirir. Bu gün ölkədə kiçik sahibkara təzyiq etmək çox asandır. Çünki onların mühasib, hüquqşünas saxlamaq imkanları məhduddur. Bütün işləri sahibkar özü görməli olur. Adamdan o qədər sənəd tələb edirlər ki, onu düzəldənə qədər sahibkarlıqla məşğul ola bilmirsən. Fermerin, mağaza sahibinin və digər kiçik sahibkarların o qədər vaxtı yoxdur ki, sənəd dalınca düşsün, dövlət idarələrini gəzsin. Bir sıra hallarda məmurlar özləri süni əngəllər yaradırlar ki, sahibkar ya onlara rüşvət versin, ya da bezib biznesdən kənarlaşsın. Adətən sahibkar özünə qarşı olan maneəni aradan qaldırmaq üçün məhkəməyə müraciət edir. Hakimlərsə, bir çox hallarda sahibkarın və qanunun yox, dövlət orqanlarının tərəfini tutur. O zaman ədalət prinsipi pozulur.

– Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək istəyir. Sizcə bu mümkün olacaqmı?

– Qeyri-neft sektorunu inkişaf etdirmək üçün sahibkarlara qarşı təzyiqlərə son qoyulmalıdır. İlk növbədə ölkədə ədalətli məhkəmə sistemi olmalıdır. Məhkəmələrin dövlət orqanlarının tərəfini tutmaması üçün onlara ictimai nəzarət güclənməlidir. Ölkədə iqtisadi sahələr monopoliyaya alınıb, inhisarçılıq baş alıb gedir. Monopoliyanın mövcudluğunu hər kəs etiraf edir, amma heç bir tədbir görülmür. Hətta ölkə rəhbərliyi bu problemin olduğunu bilir. Özünə hörmət edən heç bir ölkədə monopoliya ola bilməz. Monopoliya quldarlıq cəmiyyətinin təzahürüdür. Yalnız quldarlar və ya feodallar hansısa sahəyə iddia edib “bunlar mənimdir”-deyə bilər. XXI əsrdə bu təfəkkürlə fikirləşmək üçün yırtıcı olmaq, insanlara yuxarıdan aşağı baxmaq lazımdır. İnsan başqasına olmasa da, özünə hörmət etməyi bacarmalıdır, özünü yırtıcı yerinə qoymamalıdır. Hər hansı dövlət adamı öz vətəndaşının qəsb olunmuş haqqı, səfalət vəziyyətinə düçar olması, soyulması hesabına varlanırsa, bu, təmsilçisi və idarəçisi olduğu millətə böyük təhqirdir.

Sahibkarların problemlərinin həlli variantlarından biri də monopoliyanın aradan qaldırılmasıdır. Mən düşünürəm ki, daha çox islahatlar dərinləşdirilməli, monopoliya aradan qaldırılmalı, dövlət büdcəsinin xərcləri səmərəli olmalı və sahibkar da əmin olmalıdır ki, onun büdcəyə ödədiyi vergilər Azərbaycanın inkişafı və gələcəyi naminə sərf olunur. Ölkədə “idxal inflyasiyası” adlı ifadə mövcuddur. Onu yaradan idxalda monopoliyadır. Bu, ilk növbədə vətəndaşlara ziyandır. Gömrük işçilərinin özlərinə də ziyandır, çünki onlar da istehlakçıdırlar. Ölkədə qiymətlərin baha, bazarın xarici məhsullardan asılı olmasının başlıca səbəbi yerli sahibkarların sıxışdırılmasıdır. Əhalinin yaşayış səviyyəsi çox aşağıdır. Ünvanlı yardım almaq istəyənlərin sayı, ölkəni tərk etmək istəyənlərin sayı günü-gündən artır. Bütün bunlar son anda dövləti zəiflədir, imicini korlayır. Hakimiyyət yalnız bir-iki monopolisti qorumamalıdır. Kiçik və orta sahibkarlar üçün də çalışmağın vaxtı çatıb. Biz dövlətdən dəstək istəyəndə üstümüzə polis, vergi işçisi, sanitar-epidemiologiya mərkəzinin əməkdaşlarını göndərirlər ki, bizi susdursunlar. Azərbaycanda kiçik və orta sahibkarlıq sıradan çıxarıldığı üçün ölkə iqtisadiyyatının bel sütunu demək olar ki, yoxdur.

Monopoliya bir mərəzdirsə, qanunən qadağan olunubsa, bunun qarşısı ən sərt şəkildə alınmalıdır. Bu gün İqtisadi İnkişaf Nazirliyində antimonopoliya şöbəsi var. Amma monopoliyayla mübarizə aparılmaq imkanına və səlahiyyətinə malik deyil. Eyni zamanda monopoliyaya qarşı mübarizəni ciddi səviyyəyə çatdırmaq üçün qanunvericilik bazası da zəifdir.

– Problemin həllini nədə görürsünüz?

– Sahibkarlığın inkişaf etdirmək üçün hökumət daxilində ciddi islahatlar aparılmalıdır. Oliqarxlar vəzifədən kənarlaşdırılmalıdır. Ya bizneslə məğul olmalı, ya da dövlət qulluqçusu olmalıdırlar. Bizdə iş adamları hakimiyyətdə vəzifə tutmağa can atırlar, elmi dərəcə almaq, alim, professor olmaq istəyirlər. Bu, bizdə sovet sistemindən qalmadır. Ölkədə azad iqtisadi mühüt, lebaral bazar sistemi yaratmaq lazımdır. Təbii ki, Azərbaycan dövləti də öz maraqlarını qlobal dünyaya qəbul etdirməyə çalışmalı, əhalisinin iqtisadi durumunu fikirləşməlidir. Bizə lazım olan hər şeyi potensialımız imkan verdiyi halda istehsal edə bilməsək də, bəzi ehtiyac duyduğumuz maddələri özümüz hazırlamalıyıq. Bu da dövlət büdcəsini xeyli rahatlada bilər. Amma çox təəssüf ölsun ki, Məmurlar öz səlahiyyətlərindən istifadə edərək kiçik sahibkara problem yaratmaqla, korrupsiyalaşmış və bu sahəni “gəlir” sahəsinə çevirib.