“AMAY” Şirkətinin həbsdə olan qurucusu Abdulla Abdullayev prezident İlham Əliyevə müraciət edib .Bizimyol.info saytına daxil olan müraciətində o qeyd edib ki, iş adamı olaraq tək Azərbaycanda yox, dünyanın bir çox ölkələrində fəaliyyət göstərib və bu müəssisələrdə ümumilikdə 2 mindən artıq adam çalışıb. A.Abdullayev vurğulayır ki, həmin şəxslər ədalətli məhkəmə qərarı gözləyirlər.
“Cənab Prezident, A.M.A.Y. MMC özəl şirkətdir. Nə dövlət layihələrində iştirak edib, nə də dövlət əmlakını mənimsəyib. Öhdəlikləri müqavilə öhdəliyidir, yəni mülki xarakterlidir. Məmur deyil rüşvət alsın, fəaliyyətində korrupsiya ilə bağlı əməl yoxdur. Amma nədənsə Korrupsiyaya qarşı Mübarizə İdarəsi şəxsimə qarşı cinayət işi başladaraq, ittiham irəli sürüb. Əsassız, qanuna zidd, məntiqsiz, qərəzli, sifarişlə A.M.A.Y.-ın Gənclik meydanındakı yerində gimnastika mərkəzinin tikintisilə bağlı yeni ərazidə tikilən binasının dam örtüyü üçün 3 400 000 (üç milyon dörd yüz min) manat vəsait ayrılmışdır ki, Ulu öndərin ad günü münasibətilə təhvil verib, açılış edim. Verilən vəsait isə geri ödənilərək öhdəlik bitməsinə baxmayaraq, cəzalandırılmışam. Cinayət işi 2014.03.11 tarixdə başlanıb və mənə ittiham irəli sürülüb. 1 gün sonra səbəb olmadığından 2014.03.12 tarixində İqtisadi İnkişaf Nazirliyi yanında SKMF tərəfindən məktub daxil edərək mənə istintaq işi başlanılıb. 2012-ci ildə, Texnika Bank götürülən kreditlərin bağlanmasına baxmayaraq, 2014.03.11 tarixində Texnika Bankla bağlı cinayət işi açılıb. 10-larla belə qanunazidd, sui-istifadə, qərəz, zorakılıq – bunları ətraflı yazmıram. Əminəm ki, ədalət naminə göstərdiklərim də bəs edər” – deyən A.Abdullayev prezidentin bu özbaşınalığa son qoyacağından əminliyini ifadə edib.
“Azərbaycanda elə şirkətlər var ki, 300 000 000 (üç yüz milyon), 500 000 000 (beş yüz milyon), 1 300 000 000 (bir milyard üç yüz milyon) kredit götürüblər ki, təminatları da yox dərəcəsindədir, müddətləri də keçib. Hamısının dalında məmurlar dayanıb. Onda soruşarlar, nə səbəbə onlardan tələb olunması üçün cinayət işi açılmır, həbs olunmur, amma mənim heç bir məsuliyyətim olmadan, öhdəliyim olmadan mənə 13 il cəza verilir. Bu nədir, nə baş verir, kimdir maraqlı, kimdir ölkəyə, dövlətə, millətə xain, kimdir bu qədər qanunu pozan, ona zidd gedən? Siz dəfələrlə bu özbaşınalıqları qınayıb, tənqid edib, son qoymaqlarını tələb etmisiniz. Onda deməli bunlar üçün “Ali” heç nə yoxdur. Bu krizis dövründə, bunların qarşısını yalnız Siz ala bilərsiniz. Bizlər, ümidini itirənlər yalnız Sizə inanırıq ki, bunları cəzalandıracaqsınız”.
A.Abdullayev qeyd edir ki, hazırda məhkəmə işi son mərhələdə – Ali məhkəmənin baxışındadır. “Əvvəlki məhkəmə instansiyalarında, yəni ağır cinayətlər və apellyasiya məhkəməsində heç bir araşdırma aparmadan, 60 məhkəmə, hər məhkəmə 15-25 dəqiqə çəkməklə mülki xarakterli işə cinayət xarakterli işə baxaraq, şəxsimi 13 il azadlıqdan məhrum edirlər. Eyni halı Apellyasiya məhkəməsi də araşdırma aparmadan, 13 ili təsdiq etdi. Hər dəfə vəkilim, şəxsim deyəndə ki, “mülki işə cinayət işi kimi baxmaq qanuna ziddir”, cavab eyni olurdu – “gedin məsələnizi yuxarılarda həll edin”. Yaxşı, onda deyin, hüquq nədən ötəridir?” İş adamı qeyd edir ki, o, günahsız məhkumdur. “Amma bu ölkənin vətəndaşıyam. Mən əminəm ki, yazdığım səmimi məktuba görə mənim mövqeyimə fərqli qiymət verəcəksiniz və məni bu məmurların sifarişlərindən, məhdudiyyətlərindən, təzyiqlərindən, təhlükəsindən müdafiə edəcəksiniz.
Möhtərəm Prezident, mənimlə bağlı baş verən mövqedə və həm ilkin istintaq zamanı, həm məhkəmə istintaqı zamanı qərəzli münasibətə dəfələrlə televiziyada çıxışlarınız zamanı qeyd etdiyiniz kimi, ədalət naminə münasibət bildirməklə ədalətin bərqərar olması üçün göstəriş verməyinizə əminəm və 1000-lərlə insanların gələcəkdə işlə təmin olunmasını nəzərə alıb köməklik göstərməyinizi xahiş edirəm” – deyə müraciətdə qeyd edilir.