Amal Clooney“Bu gün biz hamımız sevinə bilərik ki, günahsız gənc qadın azadlığa buraxılıb”,

Xədicə İsmayılovanı Avropa İnsan Haqları məhkəməsində təmsil edən tanınmış vəkil Amal Clooney, onun azadlığa buraxılmasını “qələbə” adlandırıb.amal-kluni1-300x200

“Bu gün biz hamımız sevinə bilərik ki, günahsız gənc qadın azadlığa buraxılıb”, Amal Clooney deyib. “Xədicə istedadlı bir jurnalistdir və öz ölkəsində korrupsiyanın ifşa olunmasında mühüm rolu olub. Onun azadlığa buraxılması, hakimiyyətə həqiqəti deyən bütün jurnalistlər üçün bir qələbədir”.

Amal Clooney əlavə edib ki, Xədicə İsmayılova “günahsızlığının tam şəkildə etiraf olunmasına layiqdir” və jurnalist kimi fəaliyyətinə heç bir çətinliksiz davam edə bilməlidir.

Clooney-nin hüquq sözçüsü Nani Jansen həmçinin əlavə edib ki, Xədicə İsmayılova “heç həbs olunmamalı idi” və onun azadlığa buraxılması onu göstərir ki, Azərbaycan məhkəmələri “onun həbsinin tamamilə haqsız olduğunu … boynuna alıb”.

Bundan əvvəl Amal Clooney BBC Azərbaycancaya demişdi ki, bu ay Xədicə İsmayılovanın məsələsilə bağlı Azərbaycan hökuməti öz arqumentlərini Avropa İnsan Haqları Məhkəməsinə təqdim edəcək, bundan sonra isə “yalnız Məhkəmənin hökm çıxarması qalır”.

Bakıda Ali məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 5 il şərti azadlığa buraxılması barədə qərar verdikdən sonra o, artıq azadlığa çıxıb. Vəkil Cavad Cavadov bu gün jurnalistlərə deyib ki, Ali Məhkəmə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri üzrə bəraət verərək cinayət işinin icraatına xitam verib.

Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.

Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.

BBC Azərbaycancaya xanım Clooney-nin ofisindən daxil olan məlumatda deyilir.