Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təşkilatın sədri Pedro Aqramuntu Suriyaya səfər etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq üçün imkan axtarır.
Aprelin 28-də AŞPA Bürosu Aqramunta etimadsızlıq göstərib və onu qurumu təmsil etmək hüququndan məhrum edib.
Suriyaya səfərdən və Əsədlə görüşdən əlavə, Aqramunt bir sıra başqa ittihamlarla da üzləşib. Həmçinin o Azərbaycan hökumətinin verdiyi rüşvəti almaqda günahlandırılır. Bu barədə dpa agentliyi yazıb.
Aqramuntla yanaşı AŞPA-nın bir neçə deputatı rəsmi Bakının təmsilçilərindən bahalı hədiyyələr (kürü, xalça, bahalı saatlar, ləl-cəvahirat) və nağd pul almaqda günahlandırılır. Onlar bunun əvəzində Azərbaycanla bağlı qətnamələrin qəbulunun qarşısı almalı idi. 2013-cü ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı Kristof Ştrasserin hazırladığı qətnamə layihəsi gözlənilmədən rədd edildi.