Akif Çovdarovun ailəsi əmlaklarının qaytarılmasını tələb edir

Ləğv edilmiş MTN-in Nəqliyyat və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyev mayın 8-də yenidən hakim önünə çıxarılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyilə onların haqqında hökmdən verilmiş şikayətlər üzrə məhkəmə prosesi başlayıb.загружено (1)

Sabiq MTN-çilərlə yanaşı, zərərçəkmişlər Cəfər Səfərov, Qəhrəman Səfərov, Zaur İbrahimov və digərləri də apelyasiya şikayəti veriblər. Zərərçəkmişlər mülki iddialarının təmin olunmaması, vaxtilə MTN-də onlardan alınmış pullarının qaytarılmamasından narazı qalıblar. Obların bəziləri, hətta Çovdarovgilin cəzasının ağırlaşdırılmasını da tələb edir.

Məhkəmə zalına A.Çovdarov həkim nəzarəti altında gətirilib. Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləndən sonra vəkil Azər Tanrıverdi çıxış edib. Bildirib ki, o, A.Çovdarovun ailə üzvlərinin vəkilidir. Keçmiş MTN generalının həyat yoldaşı İbadət Çovdarova, oğlu Ruslan Çovdarov, qızları Günay Əmircanova və Aidə Qasımova da apelyasiya şikayəti veriblər. Onlar məhkəmənin hökmü ilə müsadirə olunmuş əmlaklarına dair qərarın dəyişdirilməsini, mülklərinin üzərindən həbsin götürülməsini xahiş ediblər. R.Çovdarov şikayətində göstərib ki, evlərində axtarış aparılan zaman pulları da götürülüb.

A.Çovdarovun ailə üzvləri bu işdə tərəf olmadığından onların şikayətinin qəbul edilib-edilməməsi məsələsilə bağlı hakimlər növbəti məhkəmə iclasında qərar verəcəklər.

A.Çovdarovun vəkili Kamandar Nəsibov bu məhkəmədə dövlət sirri hesab edilən məlumatların araşdırılacağını əsas gətirərək, prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub.

Qapalı keçirilən məhkəmədə K.Nəsibov və S.Məmmədovun vəkili Elçin Sadıqov prosesin qismən məhkəmə istintaqıyla keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb.

Məhkəmə baxışı mayın 22-nə təyin olunub.

A.Çovdarov və onunla birlikdə mühakimə olunan işçiləri 2015-ci ilin oktyabrında həbs olunub. Onlar hədə-qorxu ilə tələb etmə, qanunsuz azadlıqdan məhrum etmə, quldurluq, mənimsəmə və s. ittihamlarla məhkum ediliblər. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum edilib. Onlar həbs edilərkən üzərinə həbs qoyulmuş 33 milyon manatlıq əmlaklarının (çoxu A.Çovdarov və ailə üzvlərinindir) əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün müvafiq orqanlara təqdimat verilib.