Akif Çovdarov məhkəməyə xərəkdə, həkimlərin müşayiəti ilə gətirilib

Noyabrın 10-da Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.  Jurnalistlərin iştirakı olmadan keçirilən iclasda Akif Çovdarovun məhkəməyə gətirilməməsiakif-covdarov1478607341 səbəbindən fasilə elan edilib. Vəkil Cavid Rzazadə jurnalistlərə açıqlamasında deyib ki, A. Çovdarov səhhəti ilə əlaqədar iclasa qatılmayıb və hazırda həkimlər onun vəziyyətini nəzarətdə saxlayırlar.

Daha sonra Akif Çovdarov məhkəməyə xərəkdə, həkimlərin müşayiəti ilə gətirilib. İclas davam etdirilib. A. Çovdarov iclasda həkim nəzarətində, xərəkdə uzanmış formada iştirak edib.

Vəkil Kamandar Nəsibov iclasdan sonra jurnalistlərə açıqlama verərək deyib ki, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən verilən vəsatətlər təmin edilməyib. Zərərçəkmiş şəxslərdən Mübariz Məmmədov adının zərərçəkmiş şəxslərin siyahısından çıxarılması barədə vəsatət verib. O, iş üzrə zərərçəkmiş olmadığını deyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib:

“Biz məhkəmə tərkibinə etirazla bağlı vəsatət vermək istədik. Lakin hakimlər otaqdan çıxdılar və biz vəsatəti verə bilmədik. Aydın məsələdir ki, məhkəmə sifarişi yerinə yetirir. Lakin kimin sifarişin yerinə yetirdiyini bilmirik. Biz birinci dəfədir məhkəmənin belə tezliklə işi baxışa təyin etdiyini görürük”.