A.Merkel Berlində Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Almaniya kansleri Angela Merkel Berlində Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib.  Anspress xəbər verir ki, Angela Merkel Qarabağ münaqişəsinin həllinin əsasında Helsinki yekun aktının üç əsas prinsipinin durmasının önəmli uğur olduğunu bildirib.Almaniya kansleri həmin prinsiplərin millətin öz müqəddaratını təyin etməsi, ərazi bütövlüyü və güc tətbiqindən imtina olduğunu qeyd edib. images

“Biz bu üç prinsipi dəyişməməliyik və hər şeyi etmək lazımdır ki, qan tökülməsin və insanlar ölməsin. Regionda uzunmüddətli sülhü bərqərar etmək üçün bu istiqamətdə səylər daha fəal olmalıdır və həll axtarılmalıdır”, – deyə Merkel vurğulayıb.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bunu qərbin mövqeyində Azərbaycanın xeyrinə nisbi də olsa irəliləmə sayır: “Əsas müəmma millətin öz müqəddaratını təyin etməsi pirinsipi ilə bağlıdır. Madrid prinsiplərində bu məsələ tərəflər tərəfindən müxtəlif cür yozulur. Azərbaycan, təbii ki, bunu öz ərazi bütövlüyü  çərçivəsində yüksək səviyyəli muxtariyyət kimi görür. Amma Ermənistan ilk addım kimi Dağlıq Qarabağa müstəqillik verilməsini tələb edir”.

Qabil Hüseynlinin fikrincə, Madrid prinsiplərini irəli sürən qərb dövlətlərinin bu məsələdə konkret mövqe bildirməsi də məsələni qəlizləşdirir: “Merkelin ərazi bütövlüyü prinsipini önə çəkməsi bir qədər irəliləmədir. Əslində, belə də olmalıdır. Dünyada 5500 xalq var, onların yalnız 200-ü öz müqəddaratını müstəqil dövlət kimi müəyyən edib. Həmin 200 xalqın içində ermənilər də var, yəni bu hüquqları təmin edilib. Buna görə də Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsi üçün referendumun yalnız keçmiş muxtar vilayətdə keçirilməsi Helsinki prinsiplərinin pozulmasıdır. Referendum bütün Azərbaycanda keçirilməlidir”.

Millət vəkili Rasim Musabəyov bildirib ki, bütün danışıqlar prosesində ATƏT Minsk qrupunun həmsədrləri həmişə Azərbaycanın ərazi bütöılüyünü dəstəklədiklərini deyirlər: “Onlar bizimlə bunu həmişə təkrarlayırlar. Amma Ermənistan isə tələb edir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın. Yalnız bundan sonra danışıqlara başlaya biləcəyini bildirir. Azərbaycan heç zaman buna getməyəcək. Dağlıq Qarabağa ancaq Azərbaycanın ərazi bötövlüyü çərçivəsində yüksək muxtariyyət verilə bilər”.

Əslində, bu gerçəyi Ermənistan rəhbərliyi də anlayır. İrəvanda hakimiyyətdə olan “Qarabağ” klanı buna görə istənilən vəchlə münaqişənin həllini təxirə salmaq istəyir. Bu, işğal edilmiş torpaqları daxili siyasətdə istifadə edərək “azad edilmiş” ərazilər kimi təqdim etməyə imkan yaradır. Yəni Ermənistanın oliqarxik hakimiyyətinin təmsilçilərinə özlərini qəhrəman kimi göstərməkdə yardımçı olur. Həm də ermənilər ölkələrin ərazi bütövlüyünün dəyişməzliyinə əsaslanan Helsinki xartiyasının nə vaxtsa qüvvədən düşəcəyinə ümid edirlər.