Siyasi basqılar internet televiziyalarını fəaliyyətini dayandırmağa, əməkdaşlarını isə ölkəni tərk etməyə məcbur edib
Azərbaycanda azad media üzərinə basqılar davam etməkdədir. Məlum olduğu kimi ötən il jurnalist Pərviz Həşimlinin həbsindən sorna digər mətbuat qurumları üzərinə basqılar da səngimək bilmir. Bu ilin əvvəllərindən internet televiziyalardan Obyektiv TV-nin ofisinə basqından sonra qurum fəaliyyətini tamamilə dayandırıb. Bununla yanaşı digər internet TV Kanal13-də hazırda fəaliyyətini demək olar ki dayandırıb. Bu ilin aprel ayında kanalın bank hesablarının qeyri-rəsmi dondurulmasından sonra avqust ayının 8-də Nəsimi rayon məhkəməsinin qərarı ilə Kanal13-ün maliyyə əməliyyatlarına dəstək verən Qafqaz Media Tədqiqatlar Mərkəzi İctimai Birliyinin bank hesablarına həbs qoyulub və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi təşkilatı 8 min manat cərimə edib. Bundan sonra təşkilatın sədri Anar Orucov ölkəni tərk etməli olub. Oktyabr ayında Anar Orucovun evində və noyabr ayında isə Kanalın ofisində axtarış aparılıb və müəyyən texniki adanlıqlar müsadirə edilib. Bundan daha əvvəl də Kanal13-ün əməkdaşlarına basqılar olub. Kanalın Qərb bölgəsi üzrə müxbiri Vüqar İsmayılov iyun ayının 17-də şərlənərək həbs olunub. Sentyabr ayından etibarən Kanalın digər əməkdaşları təzyiqlər qarşısında işi dayandırmalı olublar. Daha çox təzyiqə məruz qalanlar arasında Kanalın Sumqayıtdan olan əməkdaşı Rəşad Ələkbərovun adı çəkilir. Onun Sumqayıt şəhərində 9-cu mikrorayonda yerləşən ünvanına bir neçə dəfə polis əməkdaşlarının gəldiyi bildirilir. Vəziyyətə aydınlıq gətirmək üçün nə Rəşad Ələkbərovla nə də, kanalın hazırda mühacirətdə olan rəhbəri Anar Orucovla əlaqə saxıaya bilmədik. Kanalın “Hüquq İşığında” verilişinin aparıcısı Xalid Kazımovla əlaqə saxlayaraq duruma aydınlıq gətirməsini xahiş etdik: “Doğrusu basqılar o həddədir ki, kimin harda olduğunu bu dəqiqə heç düz əməlli bilmirik. Anar Orucov xaricdədir amma Rəşad ölkədə olmalıdır. Vüqarın həbsindən sonra isə bəzi əməkdaşlarımızın evinə polislər gələrək təzyiq göstəriblər. Həm bu səbəbdən həm də ailəsində olan digər problemlər səbəbindən Rəşad Ələkbərovdan dəqiq xəbər yoxdur. Bildiyimiz odur ki, bu basqılar həm onun həm də digər əməkdaşlarına ailəsində ciddi stress və problemlər yaradıb”.
30 oktyabr, 2014
xəbərnamə.info