Daha bir jurnalist təzyiqlər qarşısında intihar edəcəyininin anonsunu verdi
“Mənim bir vasitəm qalıb ki, gedim səfirliyin qarşısında intihar edim. Bəlkə ondan sonra ailəmə qarşı olan təzyiqlər bitər, beynəlxalq təşkilatlar oyanar” – bunu 6 ay öncə Leyla Yunusla bağlı istintaqa cəlb olunduğuna görə ölkəni tərk etmək məcburiyyətində qalan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova səhhətində ciddi problemlər aşkarlanan həyat yoldaşı Eldar Əzizovun müalicə üçün xaricə buraxılmamasından sonra “Yeni Müsavat” qəzetinə bildirib. Onun sözlərinə görə çarəsizlik onu intihar həddinə çatdırıb. Bununla eyni vaxta ailəsi Naxçıvanda girov kimi saxlanılan Azadlıq radiosnun keçmiş əməkdaşı Yafəz Həsənov da ailə üzvlərinin başına bir iş gələcəyi halında intihar edəcəyini bildirib. Təəssüf ki, ölkədə media və QHT-lər üzərinə olan basqıdan sonra intihar anonsu verən hüquq müdafiəçilərinin və jurnalistlərin sayı artmaqdadır. QHT-lərə qarşı başlanan cinayət işinin ardından bank hesabları dondurulan, üzərinə vergi borcu qoyulan və rəhbəri xaricə mühacirət etdikdən sonra fəaliyyətini dayandıran Kanal13 internet televiziyasını əməkdaşı və layihələr üzrə kordinatoru Rəşad Ələkbərov da əməkdaşımıza intihar həddində olduğunu bildirib. Onun sözlərinə görə ilin əvvəlindən bəri davam edən basqılar nəinki onun, hətta bütün ailəsinin həyatını dəhşətə çevirib: “Hər gün tanımadığım telefon nömrələrindən zənglər, evimizə polisin, prokurorluq işçilərinin basqıları, mənim təqib edilməyim elə bir vəziyyət yaradıb ki, nə gecəmiz var, nə gündüzümüz. Qardaşım əlildir, dəhşətli stress altındadır. Anam şəkər xəstəsidir. Atam Qarabağ döyüşlərində şəhid olub. Dayaq olacaq bir kimsəmiz yoxdur. İndi anamın vəziyyəti elədir ki, ürəyi hər an dayana bilər bu gərginlikdən. Hər bir iş bir təfərə bu gərginlik altında hamilə yoldaşım uşaq saldı. Bilmirəm başımı götürüb hara gedim. Belə davam etsə özümü öldürəcəm. Çünki mənə olan bu basqı bütün ailəmin həyətanı cəhənnəmə çevirib”. Özünün və ailəsinin dəhşətli stress və qorxu içində yaşadığını bildirən jurnalist əməkdaşımızın “bəs niyə sizə baqsı edilir, nə istəyirlər sizdən?” sualına qısaca belə cavab verib: “indiyədək qardaşlıq etdiyim, çörək kəsdiyim insanların üzünə durmaq”. Həmkarımız bundan sonra dəsətəyi asıb. Qeyd edək ki, Kanal13-ün digər əməkdaşlarının da davamlı olaraq polisə və prokurorluğa eləcə də, Milli Təhlüksizlik Nazirliyinə çağrıldığı barədə məlumatlar var. Belə ki, ötən həftələr ərzində “Açıq Sual” verilişinin aparıcısı Ruslan İzzətli və “Hüquq İşığında” verilişinin aparıcısı Xalid Kazımov (Vahidoğlu) Mili Təhlükəsizlik Nazirliyinə, Kanalın direktor müavini Əziz Orucov həm Milli Təhlükəsizlik Nazirliyinə həm də, Bakı Şəhər Baş Polis İdarəsinə, “Aktual” verilişinin aparıcısı Aynur İmranova və kanalın mühasibi Kübra Abdullayeva Baş Prokururluğun ağır cinayətlər üzrə istintaq idarəsinə dəfələrlə çağrılaraq sorğu-sual edilməkdədir. Təqribən bir həftə əvvəl yayılan xəbərə görə isə Kanal13 televiziyasının redaktoru Tural Əhmədov da Daxili İşlər Nazirlyinə aparılaraq bir neçə saat saxlanıldıqdan sonra buraxılıb.
Eyni zamanda qeyd edək ki, kanalın Qərb bölgəsi üzrə müxbiri Vüqar İsmayılov iyun ayının 17-də həbs edilib.Ailə üzvləri onun peşə fəaliyyətinə görə şərlənərək tutulduğunu bildiriblər.
7 noyabr 2014
xəbərnamə.info