Vəkillərin suallarını cavablandıran K.Heybətov Bəhruz Əsgərova güllə atdığını, lakin ona dəyib-dəyməməsini bilmədiyini söyləyib. Vəkil Yalçın İmanov deyib ki, digər əməliyyatçı Müslüm Tarverdiyev ötən iclas zamanı ifadə verərək Bəhruzun keçəl olduğunu deyib. Lakin Kənan Heybətov onun saçının olduğunu vurğulayır. Vəkil bu ziddiyyətə aydınlıq gətirilməsini istəyib. Şahid bildirib ki, Bəhruzu özü zərərsizləşdirib, lakin Müslüm Tarverdiyev ona kömək edib. Vəkil Yalçın İmanov ondan zərərçəkmiş kimi istintaqa müraciət edib-etməməsini soruşub. Şahid müraciət etmədiyini, lakin müstəntiqin onu da zərərçəkmiş kimi tanıdığını deyib. Vəkil Yalçın İmanov deyib ki, güllə Bəhruza arxa tərəfdən dəyib: “Siz Bəhruzla qarşı-qarşıya dayanmısınız. Onda belə çıxır ki, sizinlə qarşı tərəfdə duran polislər də siz olan tərəfə atəş açıb? Bəhruza ona yaxın rezin güllə də dəyib”. Şahid suala belə cavab verib: “Bu əməliyyatdır. Ola bilər ki, yaxınlıqdakı polislər atəş açıb. Məndə rezin güllə olmayıb”. Vəkil Yalçın İmanov isə rezin güllə atan silahın yalnız ölən polislərdə olduğunu deyib.
B. Əsgərov isə onu K.Heybətovun saxlamadığını, onu ilk dəfə BMCMİ-də gördüyünü deyib. B.Əsgərov hadisə zamanı güllə yarası aldığını və xəstəxanaya kənd camaatı tərəfindən aparıldığını da söyləyib: “Mən heç bir polislə qarşılaşmamışam. Mən yaralı idim. Müstəntiqə dedim ki, məndən nə çıxıbsa, gətir göstər. Dedi: “Səndə beşbarmaqla, qumbara olub ki, görmək də istəyirsən?” Bu da gəldi orda üzümə durdu. Sən mənim balamı atasız qoyursan. Mən də sənə arzu edirəm ki, Allah sənə uzun ömür versin. Öz balalarının üzünə baxanda mənim balamı fikirləşəsən. Özün də bilirsən ki, sən məni günahsız yerə şərləyirsən. Nə vaxt istəsən xəbər göndər, mən səni bağışlayım. Mən sənə qarğış etmirəm. Sən nəyəsə görə məni bədbəxt etdin. Mən zindandan, şəhadətdən qorxmuram. Xalqımıza görə başımdan da keçərəm. Allah səni hidayət eləsin. Sən başa düş ki, mənim həyatımı qaraltmısan. Mən təslim olub əlimi qaldırmışdım. Bir də gördüm məni güllələdilər. Sabunçu xəstəxanasında isə polislər məni vurmaq istəyirdilər. Səhlab Bağırov qoymadı. Dedi, camaat görür”.