Almaniyada yaşayan azərbaycanlılar referenduma etiraz etdi
Sentyabrın 11-də Almaniyanın Düsseldorf şəhərində azərbaycanlıların etiraz aksiyası keçirilib. Aksiyada Azərbaycanda keçiriləcək 26 sentyabr referendumu əleyhinə şüarlar səsləndirilib, siyasi məhbusların azad edilməsi tələb edilib.
Aksiya iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının dəyişdirilməsi üçün nəzərdə tutulan təkliflərin Azərbaycan xalqının maraqlarına uyğun olmadığını və bu dəyişikliklərin şəxsi hakimiyyəti möhkəmləndirməyə xidmət etdiyini bəyan ediblər. Aksiya iştirakçıları konstituasiya dəyişiklikləri ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə, Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinə müraciətlə bəyənnamə imzalayıblar.
Bəyanatda deyilir ki, konstitusiyada nəzərdə tutulan dəyişikliklər beynəlxalq insan hüquqları prinsiplərinə ziddir. Təklif edilən dəyişikliklər nəticəsində bütün siyasi gücün demək olar ki, prezidentin əlində cəmləşdiyi ölkədə demokratiya boşluğunu daha da gücləndirəcək:”Referendum öncəsi təşviqatın aparılması üçün ölkədəki siyasi qüvvələrə bərabər şərait yaradılmalı, dəyişikliklərin ictimai müzakirəsi təşkil edilməli, bu müzakirələrə QHT-lər, beynəlxalq təşkilat cəlb edilməlidir”. Aksiya iştirakçıları bildirib ki, əks halda referendumun nəticələri qeyri-legitim hesab olunacaq.Bəyanatda dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından, ABŞ və Avropa Birliyindən Azərbaycanda baş verənlərə ciddi reaksiya verilməsi istənilib.