Paytaxtın mərkəzinə yaxın, ünvanı dəqiq bilinməyən (gah Koroğlu Rəhimov 2A, gah da Koroğlu Rəhimov 834/822 kimi deyilən) Odlar Yurdu Universitetinin arxasında məcburi köçkünlərin yerləşdiyi bir zirzəmi var.Burada yaşayış üçün minimum şərait belə yoxdur. Sakinlər dəfələrlə aidiyyatı qurumlara şikayətlər ediblər. Onlara tezliklə köçürüləcəkləri barədə bildirsələr də amma hələ ki, dözümsüz şəraitdə yaşamaq məcburiyyətində qalırlar.
Bu gün səhər saatlarında həmin ünvandan zəng gəldi. Telefonda həyacanlı səslə bir xanım gecə saat 5-dən zirzəmini su basdığını bildirdi. Lakin kimə zəng ediblərsə şənbə günü olduğundan müraciətlərinə reaksiya verən olmayıb. Son ümid yeri kimi Azadlıq qəzetinə üz tutublar.
Dərhal hadisə yerinə gedib, doğrudan da həyacanlı vəziyyət olduğunun şahidi oluruq. Zirzəmi tamamilə suyun içində. Pal-paltar, ev əşyaları, uşaqların dərs ləvazimatları hamısı yayarsız vəziyyətə düşmüş halda.
Bizi hadisə yerinə çağıran gənc xanım körpəsini bağrına basaraq həyatdan küsmüş halda: “Belə yaşayış olar, biz dərdimizi kimə deyək?, – deyə bildirir. Flora adlı xanım isə su içində qalmış əşyaları göstərirərək : “Gecədən hara zəng ediriksə elə bil quyunun dibinə daş atırıq, təkcə Azərsu ASC-nin qaynar xətindən reaksiya verdilər, ordan gələnlər də biraz işlədikdən sonra vaxtımız bitdi deyib getdilər”,- deyir.
Biz hadisə yerində olarkən, bir daha qaynar xətdə zəng etdik. Aidiyyatı ərazi üzrə Azərsu ASC-nin əməkdaşları ilə bizi əlaqələndirdilər. Onlar yenidən hadisə yerinə adam göndərəcəklərini bildirsələr də, suyu çəkmək üçün nasoslarının olmadığını da qeyd etdilər.
Həmin ərazidə suyun çəkilməsi ilə iş bitmir. Elektrik naqilləri təhlükəli vəziyyətdədir. Su altında almış naqillərə çərayan buraxılarsa həyat üçün yeni təhlükə yaradacaq.
Qacqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ilə də əlaqə saxlayıb onları məlumatlandırdıq. Mətbuat katibi Elçin Qədimov həmin ünvandakı dözülməz vəziyyətdən xəbərdar olduqlarını bildirdi. Tezliklə ordakı sakinlərin köçürüləcəyini də qeyd etdi. Yaranmış hazırkı vəziyyətlə bağlı isə ərazi üzrə məsul şəxs Məmməd Hüseyn müəllimə göstəriş verəcəklərini və hadisə yerinə göndərəçəklərini də bildirdi.