Milli Şura sədri Cəmil Həsənli Xəzər televiziyasında qurumun keçirməyə hazırlaşdığı 11 sentyabr mitinqi ilə bağlı səsləndirdiyi iftiralara cavab verib:
“Dostlar! Gülənçilərin Azərbaycanda əsas təbliğat yuvası olmuş “Xəzər” televiziyası ötən axşam xəbərlər proqramında Milli Şuranın 11 sentyabr mitinqi ilə bağlı çoxlu yalanlar yaydı. Bu yalanların birində deyilir ki, guya mən avqustun 23-də Əli Kərimli ilə birlikdə Amerika səfirliyində olmuşam. Bu barədə bizim təhlükəsizlik xidməti orqanlarının məlumatı təəssüf ki, yalandır. Mən Əli bəylə birlikdə görüşdə olmamışam. İkincisi, “Xəzər” məlumat verdi ki, guya mən həmin günün səhəri yenidən Amerika səfirliyində olmuşam. Bu da yalandır və mən səfirlikdə yalnız bir dəfə avqustun 23-də Milli Şura sədri olaraq görüş keçirmişəm və görüş haqqında mətbuatda geniş məlumat verilib. Saat və dəqiqəsi ilə verilən bu informasiyalar bir daha təsdiq etdi ki, müxalifət qurumlarının başçıları müvafiq hakimiyyət orqanları tərəfindən addımbaaddım izlənilir. Proqramda ən maraqlı məqamlardan biri müxalifət liderləri ilə görüşə görə Qərb ölkələrinin Bakıdakı səfirliklərinin vaxtilə Gülənçi şəbəkə tərəfindən yaradılmış “Xəzər” televiziyanın dili ilə təhdid edilməsidir. Bu biçarələr anlamırlar ki, hakimiyyət və müxalifət təmsilçiləri ilə görüş xarici səfirliklərin qanuni diplomatik fəaliyyət formalarından biridir. Hətta, məlumatda qeyd edilirdi ki, Amerika səfirliyinin əməkdaşları guya QHT-lərə zəng edib onları 11 sentyabr mitinqinə dəvət ediblər. Bu sərsəm iddiaya yəqin səfirlik özü aydınlıq gətirər. Gülən müəllimin “hizmətkeşləri” anlamır ki, mitinq, nümayiş və digər kütləvi aksiyalar Azərbaycan vətəndaşının konstitusiya ilə təsbit olunmuş müstəsna hüququdur. Görürsünüz dostlar, 11 sentyabr mitinginin xofu bunları sərsəm vəziyyətə salıb. Həmin gün “Məhsul” stadionuna gəlin və bunların yalanları üzərində doğru qələbənizi nümayiş etdirin”.