“Əyilə-əyilə şah hüzurunda, gəzənlərin ölkəsində mən kiməm?”

saday-sekerli1Sözün, haqqın, ədalətin öldürüldüyü  ölkədə şairlərin zindana düşməsi heyrət doğurmasın gərək. Haqq sözün eşidilmədiyi, doğru sözün top-tüfənglə qarşılandığı, həqiqətin dilinə kilid asıldığı bir zamanda söz adamlarının səsi zindanlardan gəlirsə, kimsə təəccüblənməsin gərək.  “Əyilə-əyilə şah hüzurunda gəzənlərin ölkəsində”  doğru sözü qanlı tutarlar. O doğru sözün sahibini də zindanda tutarlar. Bu gün o qanlı sözün zindanda tutulan şairlərindən birinin-Saday Şəkərlinin doğum günüdür. Şərlənib düşdüyü qapalı divarlar arasında 57 yaşı tamam olur şairin bu gün. Bir haqsız, qanunsuz, zülmü yeri-göyü yandıran məmləkətin məhbus şairinə nə arzulayarlar? Tezliklə bağlı qapılar açılsın,  qaranlıq yollara işıq düşsün, üstünüzdən qara buludlar çəkilsin, azadlığınıza qovuşun, şair. Doğum gününüz mübarək!                                                                                                  Saday Şəkərli                                                                                                                                                                                         Əmr elə neçə qatda,

Mitil olum, ay vətən,

Mərdlər ayağı altda,

Kətil olum, ay vətən.

Mənə şair desinlər,

Canımı didməsinlər,

Sümüyümü yesinlər,

Ətin olum, ay vətən.

Qanımdan keçə-keçə,

Canım üyütdün necə,

Rəzil böyütdün, necə,

Mətin olum, ay vətən?

Muğam oxudum pəsdən,

Gör neçə sirr var səsdə,

Ölənin dəstə-dəstə,

Qatil olum, ay vətən?

Dolçanam, dolammadım,

Çeşmənəm, bulanmadım,

Şairin olammadım,

İtin olum, ay vətən!

***

Dilbərim, qadanı gecələr aldım,

Dur, sən də qadamı al gecələrdə,

Nə andın, nə əhdin, nə yolun bəlli,

Yolunu bu kərəm sal gecələrdən.

Min könül övladı şair bəstəsi,

Halımı duymadı gülün dəstəsi,

Eşqinə qurşanıb şəkər xəstəsi,

Süzülür ləbindən bal gecələrdə.

Min dəfə zay etdi bəxti varlığım,

Bu dünya yoxdusa, yoxdu varlığım,

Uydu bir addımlıq bəxtiyarlığım,

Yarğan gecələrdə, yal gecələrdə.

Dedim, dur könlümü al, dillənmədin,

Qaşı ox, dodağı bal, dillənmədin,

Düşdü ürəyinə xal, dillənmədin,

Düşsün yanağına xal gecələrdə.

Könül sehirlənib deyib gülməsə,

Qəm yemə, dolanıb yarın gəlməsə,

Mən çıxıb gedirəm gedərgəlməzə,

Mən çıxıb gedirəm, qal gecələrdə.

***

Əyilə-əyilə şah hüzurunda,

Gəzənlərin ölkəsində mən kiməm?

Qol qaldırıb şəhid yurdlar toyunda,

Süzənlərin ölkəsində mən kiməm?

Əlac varmı düşdüyümüz illətə,

Həb neyliyər yaralanmış millətə,

Hər zuluma, hər əzaba, zillətə,

Dözənlərin ölkəsində mən kiməm?

Məhəmmədi, İsasını görən kim,

Uzun sözün qısasını görən kim,

Alp Aruzda qisasını görən kim,

Qazanların ölkəsində mən kiməm?

Sübh zamanı lalə gözü qızıl qan,

Dərman olmur xəstələrə qızıldan,

Arvadından, anasından, qızından,

Bezənlərin ölkəsində mən kiməm?

Tab gətirməz belə dərdə hər sinə,

Körpə ağıl, tər düşüncə, tər sinə,

Düz yaranan tarixləri tərsinə,

Yazanların ölkəsində mən kiməm?

Bu dünyanın dərdindən dəm olanlar,

İçi kinli, yanağı nəm olanlar,

Ağıl verir, ağıldan kəm olanlar,

Ozanların ölkəsində mən kiməm?

***

Qərib bülbül misalıyam,

qürbət qəfəsim, qəfəsim,

vətən, şeir misrasıyam,

nədən çatışmır nəfəsim?

Şirin dünya dəryadımı,

qərq eyləmiş Fərhadımı,

yox eşidən fəryadımı,

quyulardan gəlir səsim.

Ayğır atlarım nallıdı,

sınmış ürəklər, xallıdı,

yerdə qolum qandallıdı,

göydə tapılmır bir kəsim.

Neynirəm bu qərib baxtı,

yaş gözlərdən damıb axdı,

vətən bir quru budaqdı,

bir budaq…bəsimdi, bəsim…

***
Sənin də imandan çuxan olmayıb,
Gözünə gülləni sıxan olmayıb,
Sözün qarğışından çıxan olmayıb,
Sən çıxa bilməzsən sonuna şeirin.

Qarğalar, quzğunlar didsin nəşimi,
Diksinsin qəbirdə Cavid, Nəsimi,
Əsir gəlinlərin göz yaşı kimi,
Hopmuşam ruhuna, canına şeirin.

Zindanın, zülmətin qulaqları kar,
İşığın bətnində divanəlik var,
Günahlar içində ölən zülümkar,
Pir sanıb qayıdar yanına şeirin.

Bürünüb yatmasın bəylər, bayanlar,
Haqqına yetişməz haqqa qıyanlar,
qoy şair qətlinə imza qoyanlar,
Batırsın əlini qanına şeirin.

Azadlıq.info