Son günlərdə jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi və bir neçə gün sonra Mingəçevirdə polis bölməsində intihar etmiş kimi qələmə verilən, lakin, döyülərək öldürülməsi iddia edilən Hacıyev Bəhruzun ölümü insan hüquqlarının ölkəmizdə pozulduğunu göstərdi. Məmur özbaşınalığının bariz nümunəsi olan bu hadisələrlə bağlı Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev ilə əlaqə saxladıq.
Elçin müəllim siz, dəfələrlə həbsxanalarda məhbuslara işgəncə verilib, verilməməsi ilə bağlı keçirilən monitorinq qrupunun üzvü olmusunuz. Jurnalist Rasim Əliyevin bir qrup şəxs tərəfindən döyülərək öldürülməsi, ötən həftə isə Mingəçevirdə polis bölməsində Hacıyev Bəhruzun müəmmalı ölümü ölkəmizdə son günlərdə “işgəncə” mövzusunu aktuallaşdırıb. İşgəncə nə hesab edilir və Azərbaycanda belə hüquq pozuntusuna yol verən şəxslər işgəncə faktı ilə cinayyət məsuliyyətinə cəlb olunurmu?
İşgəncə” ifadəsi əsasən səlahiyyətli şəxslərin cinayyət əməli nəticəsində baş vermiş hüquq pozuntusu hesab edilir. Bu da bizdə “baş vermir”.
Azərbaycan yeganə ölkədir ki, bu günə qədər bir nəfər də olsun işgəncə faktı ilə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bir neçə il əvvəl Mingəçevir şəhəri Polis Şöbəsində təqsirləndirlən şəxs polislər tərəfindən verilən işgəncələr nəticəsində dünyansını dəyişmişdir. Bu zaman polis əməkdaşları işgəncə faktı üzrə deyil, vəzifə səlahiyyətlərini aşma ilə cinayət məsuliyyətinə cəlb edilmişdirlər. Bundan sonra hər hansı oxşar hadisə baş versə və belə işgəncə faktı öz əksini tapmasa real deyil.
Bəlkə, bizdə vəzifəli şəxslər işgəncənin nə olduğunu yəni, nəyin işgəncə sayıldığını tam dərk etmirlər.
“işgəncə” dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür.
Mətləb BALAKİŞİYEV