Rafiq MANAFLI
BÖHRAN ANALOQSUZ TƏFƏKKÜRSÜZLÜYÜN MƏHSULUDU
Nə qədər dedik, məsxərəyə qoyduq bu analoqsuz sözünü. Pul tökülürdü, gözləri qızıb alacalanmışdı. Söz demək olmurdu, dərhal ştatlı klounlar düşürdülər ortalığa – bizim gözümüzün götürməməyindən, ölkənin beynəlxalq imicini korlamağımızdan danışırdılar. Necə ki, onlardan qabaq Suxartonun, Səddam Hüseynin, Kəddafinin klounları eynən həmin ittihamları səsləndirirdilər. Necə ki, bu gün Venesuelada Maduranın klounları eynən həmin ifadələrdən istifadə edirlər.
Bizə analoqsuz iqtisadi inkişaf lazım deyildi. Elə sadəcə, adam kimi, analoqlu, bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin yararlandığı yollardan birini seçmək lazım idi. Möhkəm təməlli, istehsala söykənən, insanları daimi işlə təmin edən stabil inkişaflı iqtisadiyyat qurmaq gərəkdi. Üzeyir bəy demiş, əvvəl qarışqa düzəltmək lazım idi, sonra milçək, arı və sair. Yoxsa, Allahın bəxş etdiyi sərvətlərin gətirdiyi pulları tez sümürmək üçün gil ayaqlı fil düzəltməyə girişmək lazım deyildi ki, bir gün sizin və bizim hamımızın, millətimizin, dövlətimizin başına uçsun.
Bizə analoqsuz təhsil lazım deyildi ki, dünyanın uğursuz bütün eksperimentləri onun başında çatlasın. Aldığınız nəticə də budur – savadsız gənclik, pullu təhsil ki, on minlərlə gənc təhsil haqqını ödəyə bilmədiyinə görə təhsili atmağa məcbur olur.
Bizə analoqsuz səhiyyə lazım deyildi ki, həkim xəstəyə müştəri kimi baxsın, əlinə düşəni bıçaq altına yıxıb öldürsün. Səhiyyəmiz artıq bizim üçün sağlamlıq ünvanı deil, sağlamlığımıza ən təhlükəli cəhənnəm qapısıdır.
Bizə analoqsuz cəmiyyət lazım deyildi ki, insanlar uşaqlı-böyüklü, qocalı-cavanlı dəstə-dəstə intihar etməyə məcbur olsunlar və ya sövq edilsinlər. Normal, üzügülər, sabaha inamla baxan cəmiyyət kifayətimiz idi.
Bizə analoqsuz məhkəmə sistemi lazım deyildi ki, sifarişlə işləyən, anlaqsız, allahsız hakimlər absurd ittihamlarla ömrümüzü oğurlasınlar.
Bizə analoqsuz seçki sistemi heç lazım deyildi ki, qırmızı-qırmızı adamlar üzümüzə bozara-bozara, səsimizi oğurlayıb, iradəmizi talasınlar.
Bizə sadə, insanların insan sayıldıqları, insan hüquqlarının olduğu bir cəmiyyət lazım idi.
Və analoqsuz deyə-deyə bu gün ölkəni saldığınız böhranın da analoqu yoxdur və heç vaxt olmayıb. Təntiyə-təntiyə, vurnuxa-vurnuxa aradığınız çıxış yolları da analoqsuzdur, çünki azacıq da olsa, ağıllı, analoqu olan, yüzlərlə böhran keçirmiş dövlətlərin keçdiyi islahatlar yolunu tapa bilməmisiniz. Tapa bilməyəcəksiz də. Buna sizin analoqsuz təfəkkürsüzlüyünüz imkan veməz.