“Cahangir müəllim dedi ki, layihələrlə bağlıdır, imzalayım. Mən də onun dediyini etdim”.

Sentyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.images-cms-image-000024246

Cahangir Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev ifadə verib. Şahid qismində dindirilən Aydın Mehdiyevin sözlərinə görə, istintaq vaxtı məlum olub ki, onun adına 11 milyon 928 min dollar kredit götürülüb, hara xərcləndiyini bilmir və kreditlərə görə pul ödəməyib. Həmçinin iclasda məlum olub ki, 2009-cu ilin yanvar ayından 2013-cü ilə kimi onun adına üç ədəd plastik kart götürülüb. Həmin kartlarda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat olub. Sürücü həmin kartlardan xəbəri olmadığını, indiyə kimi bir dəfə sənədlərə qol çəkdiyini deyib: “Mənə Mərkəz filialının rəhbəri Anar Sultanov zəng etdi ki, gedib sənədlərə qol çəkim. Cahangir Hacıyevdən soruşdum. Cahangir müəllim dedi ki, layihələrlə bağlıdır, imzalayım. Mən də onun dediyini etdim”.

Hazırda Beynəlxalq Bankda idarə heyəti sədrinin müşaviri olan Emil Mustafayev də ifadə verib.Emil Mustafayev əlavə edib ki, VİP kreditlər Cahangir Hacıyevin özünə, ailə üzvlərinə və yaxınlarına verilib: “Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın Müşahidə Şurasının yekdil qərarı olmalıdır. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər irihəcmli kreditlər də təminatla verilməli olsa da, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”.

Daha sonra “Suraxanı” filialının kredit şöbəsinin müdiri Fuad Bağırzadə ifadə verib. O bildirib ki, 2011-ci ildə iki nəfərə kredit verilib, sənədlər baş idarəyə göndərilib.

“İnter Security” şirkətinin əməkdaşı Əjdər Babayev ifadəsində deyib ki, şirkətin rəhbərindən sənədlərə qol çəkməklə bağlı tapşırıq alıb və yerinə yetirib. Onun adına hazırda 400 min manat borc var.

Bankın kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev ifadəsində bildirib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb və bununla bağlı ona göstərişləri C. Hacıyev verib: “Biz rəhbərliyə kreditlərin bağlanmadığını dedikdə bildirdi ki, ödəniləcək”.

Bankın “Nəqliyyat” filialının xəzinədarı Rəfiqə Cabbarova bildirib ki, kredit alan şəxslər şəxsən özləri gəlib sənədləri imzalayıblar, lakin onlara pul verilməyib. Filialın baş mühasibi Afət Yusifova isə bildirib ki, kreditlərlə bağlı sənədləşdirmə işləri aparılıb, sənədlər üzərində pulların alındığı göstərilsə də, pulların verilib-verilməməsindən xəbəri olmayıb.

2002-ci ildən bankın İdarə Heyətinin sədrinin köməkçisi olmuş Anar Bəkirov bildirib ki, iki Rusiya vətəndaşına qeyri-qanuni kredit verilməsi ilə bağlı Cahangir Hacıyevin göstərişinə əsasən filiala tapşırıq verib.

“Nəqliyyat” filialının kredit şöbəsinin müdiri Kamran Rəhimli bildirib ki, kreditlərin sənədləşməsi onlar tərəfindən aparılıb və vəsaitlər müştərinin cari hesabına köçürülüb. Pulların alınıb-alınmamasından, təyinatından xəbəri olmayıb.

Proses sentyabrın 5-də davam edəcək.