Rəhmətlik qaynatam Məhəmməd kişi deyərdi ki, a bala, plansız sosializm qurmaq olmaz. Bunu Stalinin dediyini söyləyərdi. Özü də planla iş görən kişi idi.
Ölkəmiz referendum ərəfəsindədəir. Ancaq adı və məqsədi hakimiyyətin özünə, bir də müxalif siyasi dairəyə bəlli olan bu referendum xalqdan açıq şəkildə gizlədilir. Ümumxalq müzakirəsi keçirilmir, müxalif siyasi partiyalarla bir masa arxasında müzakirə aparılmır. Xalqın səsini və müqəddəratını indidən oğurlayıblar. Referendumun nə qədər iyrənc bir məqsədə xidmət etdiyini hələ demirəm. 21-ci əsrdə 15-ci əsrin feodal qaydalarını tətbiq et, sülalə hakimiyyəti qur və heç kimlə də hesablaşma. Bu yerdə yenə rəhmətlik qaynatamın sözləri yadıma düşdü.
Sosializm nə qədər primitiv bir quruluş olsa, xalqın mənafeyinə nə qədər zidd olsa da, hər halda, plan üzərində qurulmuşdu. Despotik şəkildə böyük bir imperiyanın çevrəsi bu plana tabe etdirilirdi. Insanların müstəqilliyini, azadlığını əlindən almaq forması idi. Ona görə də dağıldı.
Bəs indi necə? Demokratiyaya əsaslanan kapitalizm qurmuşuq. O kapitalizm ki əslində, planla iş burda görülməlidir. Dövlətin və ayrı-ayrı fərdlərin, qrupların planı. Dövlət plan qurarkən, cəmiyyətin və xalqın fikrini üstün tutmalı, onun mənafeyini nəzərə almalı, xalq da dövlətə arxalanıb planlı şəkildə öz həyat şəraitini qurmalıdır. Biz də bir ölkədə yaşayırıq ki, dövlətin və insanların planlı şəkildə yaşaması üçün hər bir şəraitimiz vardı. Artıq bu varlıq yoxa çevrilməkdədir. Neftimiz, qazımız, qızılımız, gümüşümüz, daş kömürümüz, pambığa, taxıla, üzümə yararlı torpaqlarımız. turizmin inkişafı üçün meşələrimiz, dağlarımız. Bəs hökumətimiz nə etdi? Bütün bunlardan planlı şəkildə istifadə etmək əvəzinə, taladı, çapdı, zəbt etdi. Tikdiyində, qurduğunda isə yalnız öz ciblərinin gücü çatacaq səviyyədə insanlar istirahət edə bilər. Gələcək üçün heç nə saxlamayıblar. Gördükləri iş plansız, başdıparaq, quldurcasınadır.
Indi də eyni üsulla referendum keçirmək istəyirlər. Konstitusiya normalarına sığmayan referendum. Plansız şəkildə keçirəcəklər. Allah insana ağıl verib. Onu öz ixtiyarına buraxıb. Ortada Allahı tanıyan, öz ölkəsinin hara aparıldığının fərqində olan siyasi qüvvələr var. O qüvvələr ki, ölkəmizin planlı idarə olunması üçün mənəvi və fiziki işgəncələrə tab gətirərək ayaqdadırlar. Milli Şura və AXCP-nin çağırışıyla ümumxalq imtinqinə hazırlaşırlar. Planlı şəkildə. Hakimiyyət isə öz plansız əməllərini həyata keçirmək üçün ciddi-cəhdlə bu planı pozmağa çalışır. 37-ci ilin repressiyalarına bənzər repressiyalarla. Repressiyalar nə qədər güclənirsə, xalqın da mübarizə əzmi bir o qədər güclənir.
Xalqın iradəsinin əksinə olaraq, sülalə hakimiyyəti qurmaq istəyirlər. Bu referenduma gedən yol o qədər asan olmayacaq. Bu yol ümumxalq mitinqinin üstündən keçəcək. Xalqın onsuz da gərilmiş iradəsi öz sözünü deyəcək.
Sonda rəhmətlik qaynatamın “sosializm” məsəlini bir qədər korrektə edib deyirəm:
“Plansız şəkildə, xalqın müqəddəratını onun iştirakı olmadan heç kim həll edə bilməz. Belə əməl əvvəl-axır iflasla nəticələnir”.