Azərbaycanda kitab mağazalarının sayı çox azdır. Əhalinin sayına görə demək olar ki, Azərbaycan elə bu kimi səbəblərdən ən az kitab oxunan ölkələr sırasındadır. Bəyənmədiyimiz Sovetlərin vaxtında kitab mağazalarının sayı ərzaq mağazalarının sayı qədər idi. İndi “Akademiya Kitab Mərkəzi” və “Əli və Nino” kitab şəbəkəsinə daxil olan mağazalardan başqa funksional kitab mağazalarına rast gəlmək mümkün deyil. Hanı “Kitab passajı”, “Abunə Kitab mağazası”, “Kitab evi”, “Siyasi ədəbiyyat” adlı kitab mağazası və s.
Ölkədə demək olar ki, Bukinist yoxdur. Təxminən 3 ay bundan əvvəl Süleyman Rüstəm küçəsində zirzəmidə çox maraqlı bir adda “Nietzsche” kitab mağazasına rast gəldim. Mağazanı kitabı bilən gənclər işlədirdilər. Onların kitabı bilmələri səliqə – səhmandan və çeşiddən özünü büruzə verirdi. Bir neçə kitab aldım həmin mağazadan. Çantamda yer olmadığı üçün Jan Jak Russonun şah əsəri sayılan “Etiraf”ı isə saxlatdırdım. Təxminən 10 gündən sonra kitabı götürməyə gedəndə şəkildəki mənzərəni gördüm. Kim bağladı bu gözəl kitab məkanını? Yanında pivəxana, massajxana, 5-6 kafe işlədiyi halda buranı bağladılar. “Etiraf” da orada qaldı. Kitabı bilən o maraqlı gənclərin heç birinin telefon nömrəsini almadığıma görə peşmançılıq keçirirəm. Və həmin küçədən bir daha keçmək istəmirəm…